XƏBƏRLƏR

Professor Asif Hacıyevin kitabı İranda fars dilində nəşr edilib

Professor Asif Hacıyevin kitabı İranda fars dilində nəşr edilib

14 iyun 2021

Baxış sayı: 2370

Azərbaycan Universitetinin professoru Asif Hacıyevin “Qurani-Kərim rus ədəbiyyatında” kitabı İran İslam Respublikasında fars dilində dərc edilib. Bu barədə İranın “Mirasmaktoob” – Yazılı İrs Elmi Mərkəzinin rəsmi saytı məlumat verib.  Məlumatda deyilir: “İran-Rusiya Dostluq Cəmiyyəti Azərbaycan Respublikasının Azərbaycan Universitetinin professoru Asif Hacıyevin “Qurani-Kərim rus ədəbiyyatında” kitabının fars dilinə olan tərcüməsini nəşr edib. Əsər Azərbaycan türkcəsində yazılıb. Asif Hacıyevin rus ədəbiyyatını uzun illərin tədqiqi və tədrisinin məhsulu olan bu kitab beş fəsildən ibarətdir və islamın yarandığı çağdan günümüzə qədər olan dövrü əhatə edir, rus ədəbiyyatının təhlili əsasında yazılıb.  Müxtəlif dövrlərdə rus ədiblərinin və mütəfəkkirlərinin əsərlərində Quranın və onun ilahi məzmununun inikasına həsr olunmuş bu əsər tədqiqatçılar, Quran araşdırıcıları, alimlər, dini və ədəbi fikir sahibləri üçün qiymətli mənbədir. Bu kitab islamın rus diyarlarına daxil olmasının min iki yüz illiyi münasibəti ilə Azərbaycan türkcəsindən fars dilinə tərcümə olunub və İranın İran-Rusiya Dostluq Cəmiyyəti tərəfindən nəşr edilib”.

Qeyd edək ki, Asif Hacıyevin adı çəkilən kitabı bir qədər əvvəl İstanbulda “Doğu Kütüphanesi” nəşriyyatı tərəfindən Türkiyə türkcəsində böyük tirajla və geniş ön sözü ilə nəşr olunub, Kayseri Erciyes Universitetində filologiya və ilahiyyat fakültələrinin professor-müəllim heyətinin, türkiyəli ədiblərin, tərcüməçi və alimlərin iştirakı ilə konfrans formatında təqdimatı keçirilib. 

Mənbə: http://www.mirasmaktoob.ir/fa/news/11016

İctimaiyyətlə əlaqələr şöbəsi
14.06.2021

DİGƏR XƏBƏRLƏR