XƏBƏRLƏR

Professor Mayis Əliyev Özbəkistan universitetlərində mühazirə oxuyub

Professor Mayis Əliyev Özbəkistan universitetlərində mühazirə oxuyub

25 aprel 2025

Baxış sayı: 129

Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə elan edilmiş “Konstitusiya və Suverenlik İli” çərçivəsində bu ölkənin bir neçə aparıcı ali məktəbində qeyd olunan mövzu ilə bağlı mühazirələr oxunub.

Mərkəzin dəvəti ilə Özbəkistana səfər etmiş Azərbaycan Universitetinin Sosial işin təşkili kafedrasının professoru, hüquq elmləri doktoru Mayis Əliyev Özbəkistan Dövlət Hüquq Universitetinin hüquqşünaslıq, eləcə də Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin tarix, Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin Türkologiya fakültələrinin yuxarı kurs tələbələrinə “Konstitusiya tarixi və Azərbaycan konstitusiyasında suverenlik müddəaları”, “Sosial hüququn konstitusiya ilə tənzimlənməsi”, “Konstitusiya və suverenlik”, “Azərbaycan və Özbəkistan konstitusiyaları tarixi, suverenlik, sosial və mədəni hüquq məsələləri” mövzularında mühazirələr oxuyub. 

Üç gün davam edən mühazirələrdə Azərbaycan dövlətinin suverenliyi, konstitusiyada yer alan müddəalar haqqında məlumat verən professor Azərbaycan Konstitusiyasını Özbəkistan Konstitusiyası ilə müqayisəli şəkildə şərh edərək hər iki ali qanunlar toplusunda əhəmiyyətli dərəcədə paralellər və eyniliklər olduğunu diqqətə çatdırıb. 

Professor Mayis Əliyev mühazirələrin sonunda Azərbaycan Konstitusiyası ilə bağlı tələbələrin çoxsaylı suallarını cavablandırıb.

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR