XƏBƏRLƏR

“PwC Azerbaijan” şirkətinin nümayəndələri “Karyera planlaması” dərsində tələbələrlə görüşüblər

“PwC Azerbaijan” şirkətinin nümayəndələri  “Karyera planlaması” dərsində tələbələrlə görüşüblər

19 mart 2026

Baxış sayı: 458

Azərbaycan Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin ingilisdilli ixtisaslarında təhsil alan sonuncu kurs tələbələri üçün “Karyera planlaması” fənni çərçivəsində dünyanın aparıcı konsaltinq şirkətlərindən biri olan “PricewaterhouseCoopers (PwC) Azerbaijan” şirkətinin nümayəndələri ilə görüş təşkil olunub. Görüşdə şirkətin Marketinq, kommunikasiya və biznesin inkişafı qrup rəhbəri Səma Salmanova, Marketinq, kommunikasiya və biznesin inkişafı üzrə mütəxəssis Elmar Heydarov təqdimatla çıxış ediblər.

Təqdimatda şirkətin fəaliyyəti, xidmət sahələri, korporativ dəyərləri, “PwC Azerbaijan”da karyera imkanları, işə qəbul prosesi, mövcud vakansiyalar, təcrübə və gənc mütəxəssislər üçün inkişaf proqramları haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, PwC audit, vergi, hüquq, məsləhət və texnologiya xidmətləri sahəsində 149 ölkədə fəaliyyət göstərir və yüz minlərlə əməkdaşı ilə qlobal peşəkar xidmətlər şəbəkəsinə daxildir. Qonaqlar “PwC Azerbaijan” şirkətinin öz əməkdaşları üçün yaratdığı şərait, beynəlxalq layihələrdə iştirak, eləcə də gələcəkdə digər ölkələrdəki PwC ofislərinə transfer imkanlarını da tələbələrin diqqətinə çatdırıblar.

İnteraktiv formatda təşkil olunan görüş sual-cavab sessiyası ilə yekunlaşıb. Qonaqlar tələbələrin real iş mühiti, beynəlxalq konsaltinq şirkətlərində karyera qurmaq imkanları, “PwC Azerbaijan” şirkətində əməkdaşlara təqdim olunan sosial üstünlüklərlə bağlı suallarını cavablandırıblar.   

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR