XƏBƏRLƏR
Qarabağ iqtisadiyyatının bərpası vebinarda müzakirə olunub
Azərbaycan Universitetinin növbəti qələbə vebinarında işğaldan azad olunan ərazilərimizdə iqtisadiyyatın bərpası mövzusu müzakirə olunub. Vebinar maliyyə və iqtisadiyyat kafedrası tərəfindən təşkil olunub.
Kafedranın müdiri Nəriman Böyükkişi qeyd edib ki, Azərbaycan xalqı öz tarixinin ən şərəfli və ən yaddaqalan günlərini yaşayır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etməsi ilə sülh dövrü və bölgənin iqtisadiyyatının bərpası və inkişafı diqqət mərkəzinə çevrilib.
Vebinarda AMEA-nın İqtisadiyyat İnstitutunun şöbə müdiri, iqtisad elmləri doktoru, professor Təbriz Əliyev “İşğaldan azad olunmuş ərazilərdə sahibkarlığın inkişafı” mövzusunda çıxış edib. Çıxışda bildirilib ki, işğaldan azad olunmuş ərazilərdə iqtisadiyyatın bərpası istiqamətində ilkin tədbirlərə artıq başlanıb. Bundan əlavə ölkədə Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentlik fəaliyyət göstərir. Agentliyin vəzifəsi aparılan bərpa işlərinin təşkilini və məcburi köçkünlərin doğma torpaqlarına qaytarılması üçün şəraitin yaradılmasını təmin etməkdir.
Professor çıxışında Qarabağın iqtisadi göstəriciləri və investisiya imkanları haqqında məlumat verib, həmçinin inkişaf potensialı olan sahələrdə sahibkarlıq subyektlərinin yaradılması, stimullaşdırılması və maliyyələşdirilməsi haqqında təkliflərini səsləndirib.
Vebinar mövzu ətrafında müzakirələrlə davam edib.
İctimaiyyətlə əlaqələr şöbəsi
07.12.2020