XƏBƏRLƏR
Azərbaycan Universiteti qazaxıstanlı tədqiqatçılar üçün təkmilləşdirmə kursu təşkil edib
Azərbaycan Universiteti beynəlxalq akademik əməkdaşlığın inkişafı, elmi-pedaqoji təcrübə mübadiləsinin genişləndirilməsi və müxtəlif ölkələrin ali təhsil müəssisələri ilə əlaqələrin möhkəmləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir. Bu fəaliyyətin tərkib hissəsi olaraq universitetin Siyasi və ictimai elmlər kafedrasının təşkilatçılığı ilə Qazaxıstanın ali təhsil müəssisələrinin professor-müəllim heyəti üçün ikigünlük təkmilləşdirmə kursu təşkil olunub.
“Qlobal təhsil: transformasiya, innovasiya və peşəkar səriştələrin inkişafı” adlı kursda Lev Qumilyov adına Avrasiya Milli Universiteti, S.D. Asfendiyarov adına Qazaxıstan Milli Tibb Universiteti, Mərkəzi Asiya İnnovasiya Universitetinin professor-müəllim heyəti və “Altın Qasır” Peşəkar İnkişaf Mərkəzinin əməkdaşları iştirak edib. Universitet tarixində ilk olan kursun məqsədi müasir ali təhsilin aktual məsələlərini müzakirə etmək, elmi-pedaqoji təcrübə mübadiləsini genişləndirmək, innovativ tədris yanaşmalarını təşviq etmək və beynəlxalq akademik əməkdaşlığın inkişafına töhfə vermək olub.
Azərbaycan Universitetinin Siyasi və ictimai elmlər kafedrasının müdiri, dosent Elvin Talışınski, kafedranın əməkdaşları - dosent Elmira İsmayılova, siyasi elmlər üzrə fəlsəfə doktoru Eldar Cəfərov və Dünya Əhədovanın apardığı təlimlərdə ali təhsil sahəsində baş verən dəyişikliklər, innovativ tədris yanaşmaları və peşəkar səriştələrin inkişafı ilə bağlı məsələlər diqqət mərkəzində olub. Təqdimatlar, interaktiv müzakirələr və təcrübə mübadiləsi formatında təşkil olunan təlimlərdə iştirakçılar öz təcrübələrini bölüşüb, müxtəlif tədris yanaşmalarını müqayisə edib, ali təhsilin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıblar. Beləliklə, kurs Azərbaycan və Qazaxıstanın ali təhsil mühitləri arasında qarşılıqlı öyrənmə və akademik təcrübə paylaşımı üçün platforma rolunu oynayıb.
Kurs çərçivəsində iştirakçılarla universitet rəhbərliyinin görüşləri də keçirilib. Görüşlərdə beynəlxalq əlaqələrin möhkəmləndirilməsi, ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları və gələcək birgə təşəbbüslər müzakirə olunub.
Kursun sonunda iştirakçılara sertifikatlar və xatirə hədiyyələri təqdim olunub.
Azərbaycan Universitetinin beynəlmiləlləşmə tarixində əlamətdar hadisə olan təkmilləşdirmə kursu universitetin akademik və elmi-pedaqoji potensialının beynəlxalq auditoriyaya təqdim edilməsi, universitetlərarası əlaqələrin genişləndirilməsi və təcrübə mübadiləsinin inkişafı baxımından əhəmiyyət daşıyır. Təşəbbüsün gələcəkdə yeni əməkdaşlıq imkanlarına, birgə akademik layihələrə və elmi-pedaqoji təcrübə mübadiləsinin daha da genişlənməsinə töhfə verəcəyi gözlənilir.
İctimaiyyətlə əlaqələr şöbəsi
