XƏBƏRLƏR
Azərbaycan Universitetində “Ümumdünya QİÇS-lə Mübarizə Günü”nə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Universitetində “1 Dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Günü”nə həsr olunmuş maarifləndirici tədbir keçirilib. Tədbirdə Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş ixtisasının II kurs magistrantları və “Sossfera” Sosial İnkişaf Klubunun bakalavriat səviyyəsində təhsil alan aktiv üzvləri iştirak ediblər. Tədbirin məqsədi Sosial iş tələbələrinin praktik bacarıqlarının və HIV/QİÇS ilə bağlı məlumatlılıq səviyyəsinin artırılmasıdır.
Tədbirdə magistrantlar HIV/QİÇS mövzusunda hazırladıqları təqdimatları nümayiş etdiriblər. Təqdimatlar HIV-ə yoluxan şəxslərin qarşılaşdığı stiqma, diskriminasiya və stereotiplər, onların psixososial dəstək ehtiyacları, müalicə və reabilitasiya modelləri, cəmiyyətə reinteqrasiyanın əhəmiyyəti və bu kimi mövzuları əhatə edib.
Tədbir təqdimatların ardından mövzu ətrafında müzakirə ilə davam edib, magistrantlar bakalavriat tələbələrinin suallarını cavablandıraraq mövzunu daha da dərinləşdiriblər. Müzakirədə stereotiplər, sosial stiqma və diskriminasiya problemləri xüsusi olaraq vurğulanıb, müasir reabilitasiya yanaşmaları və icma əsaslı xidmətlərin praktiki tətbiqi barədə fikir mübadiləsi aparılıb.
Müzakirəyə Sosial işin təşkili kafedrasının müdiri Nigar Şahhüseynbəyova moderatorluq edib.
İctimaiyyətlə əlaqələr şöbəsi