XƏBƏRLƏR

Rektor: "Tələbə statusu ilə üzərinizə yeni məsuliyyət götürürsünüz"

Rektor:

14 sentyabr 2016

Baxış sayı: 5753

14 sentyabr Azərbaycan Universitetində I kurslarla görüş günüdür. Rektor Fərid Əhmədov 2016/2017-ci tədris ilində Azərbaycan Universitetinə qəbul olmuş tələbələrlə görüşüb. Görüşlər gün ərzində müxtəlif saatlarda keçirilib.
Rektor görüşlərdə tələbə statusunun gərgin əməyin nəticəsi olaraq əldə olunduğunu bildirib və bu münasibətlə gəncləri təbrik edib: “Sizlər bu yeni statusu əldə etməklə üzərinizə böyük məsuliyyət götürürsünüz. Bu günə qədər hədəfiniz ali məktəbə qəbul olmaq idi. Bu gündən sonra isə yeni uğurlar əldə etmək üçün səy göstərməlisiniz. Bütün gücünüzü öz ixtisasınıza daha dərindən yiyələnməyə, rəqabətə dözümlü peşəkar kimi yetişməyə sərf etməlisiniz”.
Rektor bildirib ki, Azərbaycan Universitetinin məqsədi tələbələrə yalnız müxtəlif ixtisaslar üzrə peşəkar biliklər vermək, vərdiş və bacarıqlar aşılamaq deyil, eyni zamanda onları vətəninə, xalqına, dövlətinə bağlı olan vətəndaşlar kimi yetişdirməkdir. Universitetdə bu istiqamətdə məqsədyönlü iş aparılır.
Fərid Əhmədov tələbələri əlavə biliklər əldə etməyə və universitetin ictimai həyatında aktiv iştiraka da səsləyib. Diqqətə çatdırıb ki, universitetdə Tələbə Gənclər Təşkilatı ilə yanaşı müxtəlif maraq qrupları üzrə çoxlu sayda tələbə klubu fəaliyyət göstərir.
Görüşdə Humanitar fənlər fakültəsinin dekanı Səfər Məmmədov, Sosial iş fakültəsinin dekanı Aygün Musayeva, Biznes və iqtisadiyyat fakültəsinin dekanı Vüsal Həsənov, İnformasiya – kommunikasiya fakültəsinin dekanı  Asif Paşayev də çıxış edərək, yeni tələbələri təbrik edib, onlara tələbəlik dövrünün səmərəli keçirilməsi üçün öz tövsiyələrin verib, uğurlar arzulayıblar.  Tədbirdə Tələbə Gənclər Təşkilatının sədri Cavidan Heybətzadə  də çıxış edərək təşkilatın  fəaliyyəti haqqında məlumat verib.
Görüşün sonunda tələbələrə tələbə biletləri təqdim olunub.

İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsi
14.09.2016

DİGƏR XƏBƏRLƏR