XƏBƏRLƏR
Azərbaycan Universitetində “Rəqəmsal mühitdə gizli narkotik riskləri” mövzusunda seminar keçirilib
Azərbaycan Universitetində “Rəqəmsal mühitdə gizli narkotik riskləri” mövzusunda seminar keçirilib. Tədbir “Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” çərçivəsində təşkil olunub.
Tədbiri giriş sözü ilə Sosial işin təşkili kafedrasının müdiri Nigar Şahhüseynbəyova açaraq qeyd edib ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi və onlardan sui-istifadə müasir dövrün ən ciddi qlobal problemlərindən biridir. Bu problem təkcə insanların sağlamlığına deyil, həm də ailələrin rifahına, cəmiyyətin təhlükəsizliyinə və gənc nəslin gələcəyinə ciddi təhdid yaradır. Məhz bu təhlükəyə diqqəti cəlb etmək məqsədilə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının qərarı ilə hər il 26 iyun tarixi Narkotik vasitələrin sui-istifadəsi və onların qanunsuz dövriyyəsinə qarşı Beynəlxalq Mübarizə Günü kimi qeyd olunur. Bu gün dövlət qurumlarının, təhsil müəssisələrinin, vətəndaş cəmiyyəti institutlarının və beynəlxalq təşkilatların səylərini birləşdirərək maarifləndirmə işinin gücləndirilməsi, xüsusilə gənclər arasında sağlam həyat tərzinin təşviqi və profilaktik tədbirlərin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Ardınca Sosial-Psixoloji Tədqiqat və Məsləhət Mərkəzinin direktoru Aygün Muradlı “Rəqəmsal mühitdə gizli narkotik riskləri və sağlam həyat tərzinin təşviqi” mövzusunda məruzə ilə çıxış edib. Məruzə rəqəmsal mühitdə narkotik vasitələrin qanunsuz dövriyyəsinin müasir üsulları, sosial şəbəkələr və mesajlaşma platformaları üzərindən gənclərin hədəfə alınması, narkotiklərin fiziki və psixoloji sağlamlığa, ailə və cəmiyyətə mənfi təsirləri, hüquqi məsuliyyət məsələləri, eləcə də sağlam həyat tərzinin təbliğinin əhəmiyyəti kimi mövzuları əhatə edib. Məruzədə qeyd olunub ki, rəqəmsal texnologiyaların sürətli inkişafı narkotiklərin qanunsuz dövriyyəsinin forma və üsullarını da dəyişib. Bu gün gənclər ənənəvi risklərlə yanaşı, rəqəmsal mühitdə gizlədilən təhlükələrlə də üz-üzədirlər. Narkomaniyaya qarşı mübarizədə maarifləndirmə, sağlam həyat tərzinin təşviqi və gənclərin düzgün istiqamətləndirilməsi ən təsirli profilaktik vasitələrdəndir.
Tədbir mövzu ətrafında müzakirə və sual-cavab sessiyası ilə yekunlaşıb.
İctimaiyyətlə əlaqələr şöbəsi
