XƏBƏRLƏR

Sosial iş ixtisası və sosial iş təcrübəsi beynəlxalq müstəvidə müzakirə olunub

Sosial iş ixtisası və sosial iş təcrübəsi beynəlxalq müstəvidə müzakirə olunub

25 noyabr 2023

Baxış sayı: 1468

Azərbaycan Universiteti, Türkiyənin Sakarya Universiteti, ABŞ-ın Sent Louis Vaşinqton Universiteti və Sosial Tədqiqatlar Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Social Work & Social Research” (Sosial İş və Sosial Tədqiqat) beynəlxalq elmi konfransı işini yekunlaşdırıb. Azərbaycan Universitetinin ev sahibliyində təşkil olunan ikigünlük konfransda böhran dövründə sosial iş təcrübəsi, sosial iş təhsilinin inkişafı, bu sahədə beynəlxalq standartların yaradılması, həssas qrupların sosial müdafiəsi və bu kimi digər məsələlər diqqət mərkəzində olub.  

Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva tədbirdə açılış nitqi ilə çıxış edərək bildirib ki, konfransın mövzusu təsadüfi seçilməyib. Sosial işin təşkili sahəsində kadr hazırlığı və elmi tədqiqatın təşviqi rəhbərlik etdiyi ali təhsil müəssisəsi üçün prioritet istiqamətlərdən biridir. Digər tərəfdən isə son zamanlar mövcud münaqişə ocaqlarına yenilərinin əlavə olunması, o cümlədən ekoloji və təbii fəlakətlər dünyada ciddi sosial problemlərin mövcudluğunu və onların elmi nöqteyi-nəzərdən araşdırılmasının zəruriliyini ortaya qoyur. 

Rektor konfrans iştirakçılarının diqqətinə çatdırıb ki, yeni sosial-iqtisadi və siyasi şəraitdə əhali ilə sosial iş xüsusi əhəmiyyət kəsb edir. Getdikcə daha çox ölkə özünü əsas fəaliyyət parametrləri ilə sosial yönümlü olaraq qəbul edir. Azərbaycanda dayanıqlı və uğurlu dünya təcrübəsinə əsaslanan sosial siyasətin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Cənab prezident İlham Əliyev tərəfindən  dövlət səviyyəsində sosial siyasət sahəsinə xüsusi diqqət dəfələrlə elan edilib. Ölkədə həyata keçirilən böyük sosial layihələr, ölkə büdcəsinin əhəmiyyətli hissəsinin sosial sahəyə yönəldilməsi də bunu sübut edir. Bu istiqamətdə Azərbaycanın birinci vitse - prezidenti Mehriban xanım Əliyevanın xidmətləri xüsusi qeyd edilməlidir.

Səadət Əliyeva qeyd edib ki, son zamanlar dünyada və eləcə də Azərbaycanda sosial iş, onun təşkili, sosial siyasət kimi mövzulara marağın artması bu məsələlərin elmi cəhətdən araşdırılmasını da aktuallaşdırıb. Bunu nəzərə alaraq Azərbaycan Universitetinin Elmi şurasının qərarı ilə “Social Issues” elmi jurnalı təsis edilib. Jurnalın indiyə qədər 2 sayı çap olunub. 

Rektor əlavə edib ki, konfransın təşkili prosesində beynəlxalq elmi mühitin göstərdiyi diqqət onun mövzusunun doğru seçildiyini göstərir. Göstərilən marağı nəzərə alaraq universitetin Elmi şurasının qərarı ilə növbəti il konfransın ikincisinin təşkil olunması nəzərdə tutulur. Səadət Əliyeva əldə edilmiş nəticələrin bütün iştirakçılar üçün faydalı olacağına və təklif olunan tövsiyələrin praktiki fəaliyyətdə öz tətbiqini tapacaqlarına ümid etdiyini bildirib, konfrans iştirakçılarını bir il sonra keçirilməsi planlaşdırılan növbəti görüşə dəvət edib. 

ABŞ-ın Sent Louis Vaşinqton Universitetinin professoru Michael Sherraden çıxışında dünyanın daha yaxşı məkana çevrilməsi üçün birgə fəaliyyətin əhəmiyyətini vurğulayıb. Michael Sherraden diqqətə çatdırıb ki, insanlar bir-birinə hər zaman ailə, icma və cəmiyyət olaraq dəstək olmalıdır. Professor bildirib ki, çıxış yolu sosial iş istiqamətində problemlərə hədəflənmək yerinə, həllərini tapmağa nail olmaqdır. 

Sosial Tədqiqatlar Mərkəzinin sədri, millət vəkili Zahid Oruc bildirib ki, hazırda Azərbaycanda 10-dan çox ali təhsil ocağında sosial işçi proqramı yerinə yetirilir. Müvafiq hüquqi bazada “Sosial xidmət haqqında” qanunda mütəxəssis hazırlığı 4 illik ali təhsillə aparılır. Hər il Azərbaycan Universitetinə bakalavr təhsili üzrə sosial iş ixtisasına 120, Bakı Dövlət Universitetinə 100, magistraturaya hər birində 10-dan çox tələbə qəbul edilir. 

Millət vəkili qeyd edib ki, Vətən müharibəsi iştirakçıları, yaralı və şəhid, eləcə də aztəminatlı ailələrə qulluğa qədər geniş spektrdə fəaliyyət göstərən sosial işçilərə dərin ehtiyac var: “Hərbi sosial işçilərin hazırlanması dövlət və özəl sektorun qarşısında duran ən mühüm vəzifədir. 30 ildə iki müharibədən keçən xalqımıza xidmət üçün on minlərlə peşəkar mütəxəssis lazımdır”.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, millət vəkili Musa Quliyev çıxışında sosial iş və sosial xidmət sahəsi ilə bağlı standartların, aralarındakı fərqlərin  müəyyənləşdirilməsinin əhəmiyyətini vurğulayıb. Komitə sədri qeyd edib ki, elm adamları bu məsələ ilə bağlı öz təkliflərini verməli və istiqamətdə layihələr həyata keçirilməlidir. 

Qazaxıstan Senatının deputatı Akmaral Alnazarova, bu ölkənin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Nazgul Sagindykova Azərbaycanın sosial iş təhsili sahəsində təcrübəsinin təqdirəlayiq olduğunu bildirib, konfransın işinə uğular arzulayıblar. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov sosial iş ixtisası üzrə təhsil alan tələbələrin istehsalat təcrübəsinin təşkili haqqında məlumat verib, tədbiri sosial siyasət və sosial iş sahəsindəki aktual məsələlərin müzakirəsində mühüm addım və platforma kimi qiymətləndirib. Vüqar Behbudov konfransda aparılan müzakirələrin sosial dövlət quruculuğu strategiyasına töhfə verəcəyinə əminliyini ifadə edib. 

Açılışın ardından konfransın işi plenar iclas ilə davam edib. Konfransın birinci iş gününün plenar iclası maliyyə bacarıqları mövzusuna həsr olunub və üç plenar məruzə dinlənilib. ABŞ-ın Sent Louis Vaşinqton Universitetinin professoru Jin Huang “Maliyyə bacarıqları və aktivlərin inkişafı: sosial işçilər üçün təhsil və təcrübə”, Çinin Mərkəzi Maliyyə və İqtisadiyyat Universitetinin professoru Shu Fang “Çində maliyyə bacarıqları və sosial iş” və ABŞ-ın Sent Louis Vaşinqton Universitetinin müəllimi, Sosial İnkişaf Mərkəzinin həmdirektoru Lissa Johnson “ABŞ-da maliyyə bacarıqları və sosial iş” mövzularında məruzə ediblər. Konfrans işini bölmə iclaslarında davam etdirib. 

Konfransın ikinci iş gününün plenar iclası isə uşaq inkişaf hesablarına həsr olunub. İştirakçılar və qonaqlar növbəti plenar iclasda ABŞ-ın Sent Louis Vaşinqton Universitetinin professoru, Sosial İnkişaf Mərkəzinin təsisçisi və direktoru Michael Sherradenin “Sosial siyasət və sosial iş tədrisində maliyyə bacarıqları və aktivlərin inkişafı”, mərkəzin aparıcı  tədqiqatçısı Aytəkin Hüseynlinin “Neft-qazla zəngin ölkələrdə uşaq inkişaf hesabları: Azərbaycan və Qazaxıstan nümunəsi”, Qazaxıstanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Nazgul Sagindykovanın “Qazaxıstanda uşaq inkişaf hesabları: Milli Uşaq Fondu”, İsrailin Maks Stern Yezreel Valley Kollecinin professoru Aviad Tur-Sinainin “İsraildə  uşaq inkişaf hesabları - unikallıq, uğurlar və problemlər” və  ABŞ-ın Vaşinqton Universitetinin Sosial İnkişaf Mərkəzinin beynəlxalq proqramlar direktoru Li Zounun “Hər kəs üçün uşaq hesabları: qlobal baxış və potensial” mövzularında məruzələrini dinləyiblər.  

Konfransın bölmə iclaslarında isə Sosial iş təhsili sahəsində səriştələrin, yeni bacarıqların və qlobal standartların yaradılması; Davamlı inkişaf və sosial iş təhsili; Sosial iş təhsilində rəqəmsallaşma və İKT; İctimai səhiyyə böhranı; Müharibədən zərərçəkənlər və hərbçilərlə sosial iş; Həssas qruplar və sosial müdafiə kimi mövzular müzakirə olunub. 

Konfrans bağlanış mərasimi ilə başa çatıb. Bağlanış mərasimində Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru, riyaziyyat elmləri doktoru Yusif Qasımov çıxış edərək konfransın mühüm elmi və praktiki əhəmiyyətə malik olduğunu vurğulayıb, təşkilatçılara və iştirakçılara təşəkkür edib.  

Qeyd edək ki, konfransa dünyanın 32 ölkəsindən 156 məruzə qəbul edilib. Hibrid formada təşkil olunan konfransın işçi dili ingilis dilidir. 10-dan çox ölkədən konfransın mövzusu üzrə dünyanın ən tanınmış 40-a qədər alimi “in person” iştirakını təsdiq edib. Zoom platforması vasitəsilə isə 40-a yaxın ölkədən iştirakçı konfransın işinə qoşulub. Konfransın plenar məruzəçiləri mövzu üzrə dünyanın ən tanınmış alimləridir.

Konfrans materialları Web of Science və Scopus bazalarında indekslənmək üçün təqdim ediləcək. 22-23 noyabr 2024-cü il tarixlərində ikinci “Social Work & Social Research konfransının keçirilməsi nəzərdə tutulur. 

İctimaiyyətlə əlaqələr şöbəsi



DİGƏR XƏBƏRLƏR