XƏBƏRLƏR

Sosial iş tələbələrinin debatı keçirilib

Sosial iş tələbələrinin debatı keçirilib

08 dekabr 2022

Baxış sayı: 9823

Azərbaycan Universitetinin və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Sosial iş ixtisası üzrə təhsil alan tələbələri arasında “Ahıl şəxslərin ahıllar evinə yerləşdirilməsi və yerləşdirilməməsi” mövzusunda “dostluq debatı” təşkil olunub. 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində keçirilən tədbiri giriş sözü ilə bu ali məktəbin elm və yaradıcılıq işləri üzrə prorektoru Sədaqət Əliyeva  açıb. Azərbaycan Universitetinin nümayəndə heyətini və debatda iştirak edən tələbələri salamlayan prorektor debatı açıq elan edib. Ardınca hər iki universitetin Sosial iş ixtisası üzrə müəllimi Ayxan Qəhrəmanov tələbələri və münsifləri dostluq debatının mövzusu və qaydaları ilə tanış edərək sözü spikerlərə verib.  

Debatda hər iki universitetdən ayrılıqda 10 debatçı və 3 spiker çıxış edib. 1-ci spikerlər ümumi ahıllıq və Azərbaycanda ahıl şəxslərin vəziyyətləri haqqında məlumat veriblər. 2-ci spikerlər arqumentlər gətirərək digər qrupun fikirlərini təkzib etməyə çalışıb və nəhayət 3-cü spikerlər problemlə bağlı real həll yolları təklif ediblər.

Çıxışların ardından münsiflərə söz verilib. Azərbaycan Universitetinin Sosial işin təşkili kafedrasının müdiri Tünzalə Verdiyeva, həssas əhali qruplarına aid edilən insanların, o cümlədən ahılların sosial rifahının təmin olunmasında sosial işçilərin rolunun xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb. ADMİU-nun Sosial mədəni fəaliyyət kafedrasının müdiri Mübariz Süleymanlı milli dəyərləri qorumağın və eyni zamanda müasir yanaşmaları tətbiq etməyin vacibliyi üzərində durub. ADMİU-nun prorektoru Sədaqət Əliyeva hər iki komandanın çıxışını yüksək dəyərləndirib və Sosial iş ixtisası istiqamətində belə debatların ənənəyə çevirilməsinin əhəmiyyətini qeyd edib. 

Sonda debatçılara hədiyyələr təqdim edilib. Növbəti görüşün Azərbaycan Universitetində keçirilməsi qərara alınıb.

İctimaiyyətlə əlaqələr şöbəsi



DİGƏR XƏBƏRLƏR