XƏBƏRLƏR
Sosial iş tələbələrinin motivasiya spikerləri ilə görüşü təşkil olunub
Sosial işin təşkili kafedrasının nəzdində fəaliyyət göstərən “Sossfera” Sosial İnkişaf Klubunun və “İstedadlı Əlillər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə tələbələrlə görüş keçirilib. Tədbirdə ictimai birliyin sədri Qubad Qasımov və “GəncTALKS” Motivasiya Platformasının üzvü Ramin Binnətov iştirak ediblər. Görüşün əsas məqsədi sosial iş ixtisası üzrə təhsil alan tələbələr üçün interaktiv və müzakirə yönümlü mühitin yaradılması olub. Tədbir Sosial işin təşkili kafedrasının müəllimi Ayxan Şahbazsoyun tədris etdiyi “Əlilliyi olan şəxslərlə sosial iş” fənni çərçivəsində təşkil olunub.
Qonaqlar tələbələrə əlilliyi olan şəxslərin inklüziv inkişafı, bu sahədə mövcud sosial problemlər və çətinliklər, həmçinin əlilliyə yanaşma modelləri haqqında məlumat veriblər. Çıxışlarda əlilliyi olan şəxslərin sosial bərabərliyin təmin edilməsində və sosial xidmətlərə çıxışda rolu xüsusi qeyd olunub. Həmçinin dövlət qurumları, ali təhsil müəssisələri və ictimai təşkilatların birgə fəaliyyəti ilə bu sahədə davamlı dəstək mexanizmlərinin gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Qubad Qasımov və Ramin Binnətov görüşdə tələbələrin suallarını cavablandırıb, mövzu ilə bağlı geniş izahat təqdim ediblər.
İctimaiyyətlə əlaqələr şöbəsi






