XƏBƏRLƏR

“Şuşanın turizm potensialı” mövzusunda elmi seminar keçirilib

“Şuşanın turizm potensialı” mövzusunda elmi seminar keçirilib

28 aprel 2022

Baxış sayı: 1557

Azərbaycan Universitetində “Şuşa ili”nə həsr olunan “Şuşanın turizm potensialı” mövzusunda elmi seminar keçirilib. Maliyyə və iqtisadiyyat kafedrası tərəfindən təşkil olunan seminarda Dövlət Turizm Agentliyinin, “Travelport” şirkətinin nümayəndələri, Azərbaycan Universitetinin bir qrup müəllim heyəti, kafedra müdirləri, turizm işinin təşkili və turizm bələdçiliyi ixtisasları üzrə təhsil alan tələbələri iştirak ediblər.

Maliyyə və iqtisadiyyat kafedrasının müdiri Nəriman Böyükkişi seminarın 2022-ci ilin Azərbaycan Respublikasında “Şuşa İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2022-ci il tarixli Sərəncamının və Azərbaycan Universitetinin “Şuşa İli” çərçivəsində həyata keçiriləcək tədbirlər planının icrasının təmin edilməsi məqsədilə keçirildiyini bildirib. 2021-ci ildə Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin paytaxtı, 2023-cü ildə Türk Dünyasının Mədəniyyət Paytaxtı elan olunduğunu xatırladan kafedra müdiri Zəfərdən sonra Şuşada çoxsaylı yerli və beynəlxalq tədbir və festivallar  keçirildiyini, belə tədbirlərdən sonuncusunun Dünya Azərbaycanlılarının V qurultayı olduğunu qeyd edib. Şuşada genişmiqyaslı abadlıq və quruculuq işləri aparıldığını bildirən Nəriman Böyükkişi təhlükəsizliyin yüksək səviyyədə təmin edilməsi başa çatandan sonra bölgədə turizm infrastrukturunun bərpa ediləcəyini və müasirləşdiriləcəyini də sözlərinə əlavə edib.

Nəriman Böyükkişi qeyd edib ki, Azərbaycan Universitetində artıq 3 ildir ki, turizm ixtisaslarının tədrisi aparılır. Universitet turizm şirkətləri ilə sıx əməkdaşlıq edir və tələbələrin təhsildə qazandıqları nəzəri biliklərin təcrübə ilə dəstəklənməsinə xüsusi diqqət yetirir.

Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru Yusif Qasımov postneft dövründə Azərbaycan iqtisadiyyatının əsas istiqamətlərindən birinin turizm sektoru olacağını, Şuşanın və ümumilikdə Qarabağın turizm potensialının kifayət qədər böyük olduğunu qeyd edib. Prorektor çıxışında turizm sənayesi müəssisələri ilə təhsil müəssisələrinin əməkdaşlığının əhəmiyyətini vurğulayıb.

Maliyyə və iqtisadiyyat kafedrasının müəllimi Qəhrəman Yusupov “Şuşa şəhərinin turizm potensialı və ondan istifadə perspektivləri” mövzusunda məruzəsində Şuşanın turizm resurslarının bölgüsü və tarixi abidələri haqqında məlumat verib. Məruzədə bildirilib ki, Şuşa şəhərinin bərpasını, yenidən qurulmasını, öyrənilməsini, inkişafını və təbliğini təmin etmək məqsədilə Prezident İlham Əliyevin 2021-ci il 22 iyun tarixli fərmanı ilə “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” yaradılıb. Şuşada, Cıdır düzündə son bir ildə keçirilən tədbirlər sübut edir ki, Şuşada həm şəhərin tarixi simasının, həm də “Şuşa ruhu”nun bərpası yönündə böyük işlər görülür.

Daha sonra Dövlət Turizm Agentliyinin nümayəndələrinin “Şuşanın turizm potensialı” mövzusunda məruzələri dinlənilib. Qoruqları idarəetmə mərkəzinin idarə heyətinin sədrinin müşaviri Elşən Mustafayev “Şuşanın mədəni irsi”, Regional turizmin inkişafı sektorunun müdiri Elgün Cavadov “Turizm destinasiyaları”, Təhsil və təlim sektorunun müdiri Arzu Tairquliyeva – Nağıyeva “Dövlət Turizm Agentliyi və təhsil müəssisələrinin əməkdaşlığı” mövzusunda çıxış edib, seminar iştirakçılarının çoxsaylı suallarını cavablandırıb, təklifləri dinləyiblər.

“Travelport” şirkətinin Azərbaycan üzrə direktoru Emil Bayramov və şirkətin təlimçisi Etibar Məmmədov seminar iştirakçılarına təmsil etdikləri şirkətin fəaliyyəti haqqında məlumat verib, Azərbaycan Universitetinin turizm ixtisaslarında təhsil alan tələbələri üçün təşkil etdikləri “Galileo” bronlaşdırma sistemi kursunu uğurla başa vuranlara sertifikatlarını təqdim ediblər.

Elmi seminar mövzuya dair müzakirələrlə yekunlaşıb.

İctimaiyyətlə əlaqələr şöbəsi
29.04.2022

DİGƏR XƏBƏRLƏR