XƏBƏRLƏR

Tələbə Elmi Cəmiyyəti Əfqan Vəliyevin iştirakı ilə panel görüş təşkil edib

Tələbə Elmi Cəmiyyəti Əfqan Vəliyevin iştirakı ilə panel görüş təşkil edib

23 aprel 2026

Baxış sayı: 64

Azərbaycan Universitetinin Tələbə Elmi Cəmiyyəti (TEC) Qərbi Azərbaycan İcması Ziyalılar Şurasının üzvü, “Tarixi Azərbaycan torpaqlarında maddi-mədəni irsimiz”, “Qərbi Azərbaycana qayıdış: tarixi torpaqlarda maddi-mədəni irsimiz” və “Qayıdış: Qərbi Azərbaycandakı maddi-mədəni irsimiz”  kitablarının müəllifi, sosiologiya üzrə fəlsəfə doktoru Əfqan Vəliyevin iştirakı ilə panel görüş təşkil edib. Tədbirdə TEC-in fəal üzvləri iştirak ediblər. 

“Qərbi Azərbaycan: tarixi həqiqətlər və geri dönüş perspektivləri” adlı tədbiri açılış nitqi ilə Siyasi və ictimai elmlər kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Elvin Talışınski açaraq qonağı təqdim edib. Kafedra müdiri bildirib ki, Əfqan Vəliyevin müəllif olduğu tədqiqat əsərləri Qərbi Azərbaycanın tarixi-mədəni irsinin öyrənilməsi və vəziyyəti haqqında geniş məlumat təqdim edir. Tarixi faktlara əsaslanan kitablarda Qərbi Azərbaycan irsinin tarixi, ermənilər tərəfindən dəyişdirilməsi və məhv edilməsi məsələləri araşdırılır. Bu əsərlər milli yaddaşın qorunması baxımından mühüm əhəmiyyət daşıyır, onların təqdimatı və bu istiqamətdə keçirilən tədbirlər isə mövzunun daha dərindən öyrənilməsinə töhfə verir.

Ardınca Əfqan Vəliyev “Qərbi Azərbaycan tarixi: deportasiya və qayıdış” mövzusunda mühazirə ilə çıxış edib. Mühazirə Qərbi Azərbaycanın erməniləşdirilməsi, Qərbi Azərbaycanda azərbaycanlılara qarşı aparılan etnik təmizləmə siyasəti, deportasiya proseslərinin tarixi səbəbləri, maddi-mədəni irsin məhv edilməsi, qayıdış perspektivləri kimi mövzuları əhatə edib.  

Əfqan Vəliyev çıxışında müəllifi olduğu kitablar haqqında da məlumat verib. Qonaq qeyd edib ki, Qərbi Azərbaycanda azərbaycanlılar tərəfindən on minlərlə maddi-mədəni irs nümunəsi yaradılıb. Lakin bu nümunələr xüsusilə azərbaycanlıların deportasiyaya məruz qaldığı 

1918-1920-ci, 1947-1953-cü, 1987-1991-ci illər və sonrakı dövrdə ermənilər tərəfindən məhv edilib, sağ qalanlar isə mənimsənilərək hazırda “erməni abidəsi” kimi təqdim olunur. İrəvan, Göyçə, Zəngəzur kimi tarixi Azərbaycan torpaqlarını tərk etməyə məcbur edilmiş azərbaycanlıların tarixi və maddi-mədəni irsinin araşdırıldığı əsərlər Türkiyə, Rusiya, Gürcüstan, İran və Avropa ölkələrindəki dövlət və şəxsi arxivlərdən toplanan mənbələr əsasında hazırlanıb. Trilogiyada Qərbi Azərbaycan maddi-mədəni irsinə aid 532 dəyərli abidə hərtərfli tədqiq olunub, onlar haqqında dolğun və ətraflı məlumat verilib. 

Əfqan Vəliyev bildirib ki, Qərbi Azərbaycanın maddi-mədəni irsinin tədqiqi, əslində, Qərbi Azərbaycana qayıdışın ideoloji əsasını təşkil edir. Abidələr dağıdılsa da, onların izləri qalır. “Qərbi Azərbaycan bizim tarixi yurdumuzdur və Azərbaycan üçün yalnız coğrafi məkan deyil, eyni zamanda ideoloji məkandır. Milli kimliyimizin, yaddaşımızın, əcdadlarımızın izlərinin formalaşdığı məkan məhz buradır. Bizim qayıdışımız ideoloji deyil, tarixi və mənəvi bir borcdur, eyni zamanda milli kimliyimizin qorunması, tarixi yaddaşımızın dirçəldilməsi və beynəlxalq hüququn təmin olunması baxımından strateji əhəmiyyətə malikdir. Doğma torpaqlarımıza qayıtmaq arzusu həm xalqımızın, həm də dövlətimizin ən ali məqsədidir”, - deyə qonaq qeyd edib. 

Tədbir interaktiv panel müzakirəsi ilə davam edib. Əfqan Vəliyev paneldə tələbələrin mövzuya dair suallarını cavablandırıb. 

Panel görüş xatirə şəklinin çəkilməsi ilə yekunlaşıb. 

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR