XƏBƏRLƏR
Maliyyə və Mühasibat ixtisasları üzrə təhsil proqramlarının məzmununun təhlilinə dair görüş keçirilib
Azərbaycan Universitetində Biznes və iqtisadiyyat fakültəsinin təşəbbüsü, Maliyyə və mühasibat kafedrasının təşkilatçılığı ilə Maliyyə və Mühasibat ixtisasları üzrə tətbiq olunan təhsil proqramlarının məzmununun təhlilinə dair görüş keçirilib.
Tədbirdə müxtəlif sahələrdə fəaliyyət göstərən təcrübəli mütəxəssislər - İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin prezidenti Radil Fətullayev, “Business House” şirkətinin direktoru Vasif Əliyev, müstəqil mühasib Hikmət Xəlilov və Azərbaycan Universitetinin Keyfiyyət təminatı şöbəsinin müdiri Lalə Abasova, fakültənin dekan müavini Nahid Almasov, Maliyyə və mühasibat kafedrasının müdiri Nəriman Böyükkişi və kafedranın müəllimi Vəfa Əzizova iştirak ediblər. Görüşdə tədris proqramlarının strukturu, fənn modullarının məzmunu və onların real sektorla uyğunluğu mövzusunda müzakirə və fikir mübadiləsi aparılır.
Görüşdə öncədən hazırlanmış özünütəhlil hesabatı və əmək bazarının tövsiyələri əsasında tədris proqramlarının mövcud və gələcək tələblərə cavab verən, praktik bacarıqları və peşəkar kompetensiyaları inkişaf etdirən şəkildə yenilənməsi və təkmilləşdirilməsi istiqamətində təkliflər irəli sürülüb.
Müzakirələr zamanı iştirakçılar müasir maliyyə texnologiyalarının tədris prosesinə inteqrasiyası, beynəlxalq maliyyə və mühasibat standartlarının proqramlarda əks olunması, eləcə də vergi və fiskal siyasətin öyrədilməsi kimi aktual məsələlərə toxunublar. Eyni zamanda, analitik və strateji düşüncə bacarıqlarının, rəqəmsal və hüquqi savadlılığın, peşə etikasının təhsil proqramlarında xüsusi yer tutmasının vacibliyi vurğulanıb, kurikulumun yenilənməsi zamanı nəzərə alınmalı əsas prinsiplər, təcrübəyə əsaslanan öyrənmə imkanları və ali təhsil müəssisələri ilə iş dünyası arasında qarşılıqlı əməkdaşlığın inkişaf mexanizmləri geniş şəkildə müzakirə edilib.
Görüşün sonunda səsləndirilən təkliflərin sistemləşdirilərək Maliyyə və Mühasibat ixtisasları üzrə bakalavriat və magistratura proqramlarına daxil edilməsi, eləcə də bu sahədə daha dərin əməkdaşlıq imkanlarının yaradılması məqsədilə fəaliyyət planının hazırlanması qərara alınıb.
İctimaiyyətlə əlaqələr şöbəsi