XƏBƏRLƏR
Tələbə Elmi Cəmiyyəti Vikipediya təlimi təşkil edib
Azərbaycan Universitetinin Humanitar və Sosial Elmlər fakültəsinin Tələbə Elmi Cəmiyyəti tərəfindən Vikipediya təlimi təşkil olunub. Azərbaycandilli Vikipediyanın patrulu, ölkə nümayəndəsi və Azərbaycan Universitetinin tələbəsi Aida Aslanovanın apardığı təlimdə 20 tələbə iştirak edib.
Tədbiri giriş sözü ilə Tələbə Elmi Cəmiyyətinin sədri Solmaz İlyaszadə açaraq, iştirakçıları salamlayıb və məruzəçini təqdim edib. O, çıxışında Vikipediya platformasının müasir informasiya cəmiyyətindəki əhəmiyyətindən, bu sahəyə artan maraq və tələbatdan bəhs edib.
Daha sonra Aida Aslanova təlimə başlayaraq iştirakçılara “Vikipediyanın strukturu və qaydaları”, “Ensiklopedik yazı tərzi”, “Mənbələrin düzgün göstərilməsi”, “Məqalələrin yoxlanması və dəqiqləşdirilməsi” kimi mövzular haqqında geniş məlumat verib. Təlimin praktiki hissəsində isə iştirakçılarla birlikdə istifadəçi hesablarının və məqalələrin yaradılması, redaktə edilməsi və zənginləşdirilməsi üzrə tapşırıqlar yerinə yetirilib.
Təlimin sonunda bütün iştirakçılara sertifikat təqdim olunub.
İctimaiyyətlə əlaqələr şöbəsi