XƏBƏRLƏR
Tələbələr real biznes layihələrində iştirak edə biləcəklər
Azərbaycan Universitetinin tələbələri üçün Sumaks və Barattson Biznes və Maliyyə Məktəbinin birgə layihəsi olan “İdeyadan istehsala” adlı təcrübə proqramının tanıtımı keçirilib.
Tədbiri İnformasiya – kommunikasiya texnologiyaları fakültəsinin dekanı Asif Paşayev açaraq məruzəçiləri təqdim edib və layihə tərəfdaşlarının bazardakı mövqeyi haqqında məlumat verib.
Biznesin inkişafı üzrə mütəxəssis Heydər Əliyev iştirakçılara təcrübə proqramını tanıdıb. Qonaq qeyd edib ki, “İdeyadan istehsala” təcrübə proqramının məqsədləri universitet – sənaye əlaqələrinin gücləndirilməsi, tələbələrin araşdırma və komanda ilə işləmək bacarıqlarının artırılmasıdir. Proqrama seçiləcək tələbələr biznes imkanları olan real layihələrdə işləmə imkanı əldə edəcəklər. Tələbələrdən ibarət komandalarla həyata keçirəcək layihələrlə konkret hədəflərə yönəlik məhsulların yaradılması nəzərdə tutulur.
Heydər Əliyev təcrübə proqramının mərhələləri, proqrama müraciət və seçim prosesi haqqında da məlumat verib.
Sumaks şirkətinin icraçı Direktoru Cavid Məmmədov isə şirkətin iş prinsipləri haqqında danışıb.
İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsi
19.10.2016