XƏBƏRLƏR
Tələbələr üçün yeni dərs vəsaiti çap olunub
Azərbaycan Universiteti tərəfindən “Business English” (İşgüzar ingilis dili) adlı dərs vəsaiti çap olunub. Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş qeyri-dil ali təhsil müəssisələri üçün işgüzar ingilis dili üzrə nümunəvi proqram əsasında tərtib olunmuş dərs vəsaiti tələbələrlə yanaşı həm də iqtisadi profilli mütəxəssislərin, sahibkarların müvafiq problemlərinin həllinə yönəlib. Kitab iqtisadi profilli ixtisaslar üzrə təhsil alan tələbələrin auditoriya və müstəqil işi üçün, həmçinin iqtisadiyyatla maraqlananlar və öz işgüzar ingilis dilini təkmilləşdirmək, əsas termin və anlayışları öyrənmək, firma və bankların fəaliyyəti, mühasibat uçotu və audit, qiymətlər, inflyasiya, xarici ticarət, vergilər, işgüzar yazışmaların aparılması qaydaları haqqında ilkin məlumatları əldə etmək arzusunda olan mütəxəssislər üçün nəzərdə tutulub.
14 bölmədən ibarət olan dərs vəsaitində materiallar Azərbaycan, rus və ingilis olmaqla üç dildə tərtib olunub. Kitabda oxuya, yazıya (işgüzar məktubların, esselərin, diskussiyaların, təqdimatların yazılması) və danışığa böyük diqqət yetirilir. Təqdim olunan materiallar müasirliyi və aktuallığı ilə nəinki dünya biznes praktikasında ingilis dilli işgüzar ünsiyyətin necə getdiyini anlamaq və mənimsəmək, həmçinin bu bacarığa yiyələnmək, işgüzar spesifikanı, ölkədə təşəkkül tapmış beynəlxalq iqtisadi və ticari əlaqələrin xüsusiyyətlərini öyrənmək imkanı verir. Dərs vəsaitinin əhəmiyyəti həm də ondan ibarətdir ki, tələbələr işgüzar ingilis dili vərdişlərini mənimsəyərkən, biznes aləmi haqqında təsəvvürlər əldə edir, öz işgüzar söz ehtiyatını lazımi terminlərlə və öyrənilən mövzu ilə bağlı reallıqlarla zənginləşdirir. Bu bilik və vərdişlər işgüzar ünsiyyət praktikasında aktual olmaqla yanaşı eyni zamanda akademik bacarıq və vərdişlərin inkişafını da təmin edir.
Kitabın müəllifləri Azərbaycan Universiteti Dillər-1 kafedrasının müdiri Hüseyn Maqsudoğlu (Hüseynli) və universitetin müəllimi Kəmalə Cəfərovadır.
İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsi
30.09.2014