XƏBƏRLƏR
Magistratura tələbələri Mili Observatoriyada elmi - tədqiqat təcrübəsində olublar
Azərbaycan Universitetinin Sosial iş ixtisası üzrə təhsil alan magistratura tələbələri 2025-ci ilin aprel ayında elmi-tədqiqat təcrübəsi çərçivəsində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada olublar.
Təcrübə müddətində magistrantlar sosial elmlər sahəsində sorğuların hazırlanması və həyata keçirilməsi prosesi ilə tanış olublar. Onlara sorğuların aparılması, seçmə prosedurlarının düzgün təşkili, sorğu suallarının tərtibatı, məlumatların toplanması və ilkin təhlili ilə bağlı nəzəri və praktiki bilgilər verilib. Observatoriyanın mütəxəssisləri təcrübəçi tələbələrlə elmi tədqiqatın aparılma qaydaları, kəmiyyət və keyfiyyət metodologiyaları barədə ətraflı müzakirələr aparıb, həmçinin bu istiqamətdə müxtəlif praktiki tapşırıqlar təqdim ediblər. Magistrantlar indiyə qədər və hazırda Observatoriyada həyata keçirilən aktual sorğu layihələri ilə tanış olub, proseslərdə müşahidəçi kimi iştirak ediblər.
Təcrübə zamanı tələbələrin fəallığı xüsusilə qeyd olunmalıdır. Onlar sual-cavab sessiyalarında aktiv iştirak edib, öz elmi tədqiqatları ilə bağlı müvafiq mövzular üzrə müzakirələr aparıb, həmçinin ilkin araşdırma istiqamətləri üzərində işləmə imkanı əldə ediblər.
Bu təcrübə, magistrantların elmi tədqiqat bacarıqlarının inkişafı, həmçinin əmək bazarının tələblərinə uyğun praktiki biliklər əldə etməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir.
Qeyd edək ki, Azərbaycan Universiteti ilə Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Memoranduma uyğun olaraq tərəflər magistrantların elmi-tədqiqat sahəsində bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə birgə fəaliyyətlər həyata keçirirlər.
İctimaiyyətlə əlaqələr şöbəsi