XƏBƏRLƏR
Biznes və iqtisadiyyat fakültəsinin tələbələri “Zarat” Şirkətlər Qrupunda ekskursiyada olublar
Azərbaycan Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin Biznesin idarə edilməsi üzrə sonuncu kurs tələbələrinin “Zarat" Şirkətlər Qrupuna ekskursiyası təşkil edilib. Ekskursiya İqtisadiyyat və idarəetmə kafedrasının təşəbbüsü və təşkilatçılığı ilə baş tutub.
Tələbələr kafedranın müəllimləri Ruhəngiz Əliyeva, Jalə Əliyeva, Ülviyyə Mehdiyevanın rəhbərliyi, “Zarat" Şirkətlər Qrupunun İnsan Resursları şöbəsinin müdiri Elnarə Cabbarovanın koordinatorluğunda ilkin olaraq Abşeron rayonu Digəh qəsəbəsində yerləşən “Zarat Poultry” ("Simurq" Toyuq Məhsulları), daha sonra isə Siyəzən rayonunda yerləşən “Zarat Yem” Fabrikinə səfər ediblər.
Ekskursiya müddətində tələbələrə “Zarat" Şirkətlər Qrupunun fəaliyyəti, missiyası və biznes siyasəti barədə şirkətin baş direktoru Emin Səfərov, “Zarat Anbar”ın icraçı direktoru Fərid Məmmədov və “Zarat Yem" Fabrikinin direktoru Nicat Yusifov, müasir strategiyalar barədə İnsan Resursları şöbəsinin müdiri Elnarə Cabbarova, istehsal və saxlanılma barədə bölmə rəhbərləri tərəfindən geniş məlumat verilib.
Ekskursiyada tələbələrin “Simurq” toyuq məhsullarının istehsal prosesi ilə tanış olmalarına şərait yaradılıb. Tələbələr, müəssisənin müasir texnoloji avadanlıqlarla təchiz edilmiş istehsal sahələrini ziyarət edərək, məhsulun keyfiyyətə nəzarət, emal və qablaşdırma mərhələlərini əyani şəkildə müşahidə ediblər.
Ekskursiya zamanı tələbələr, müəssisənin fəaliyyət sahələri, məhsul çeşidliliyi və istehsalın güvənliyi barədə ətraflı məlumatlandırılıblar. Qeyd edilib ki, "Simurq" Toyuq Məhsulları müəssisəsi gənc mütəxəssislərin yetişdirilməsinə və onların istehsalat prosesləri ilə tanış olmalarına dəstək göstərərək, ölkənin kənd təsərrüfatı və qida sənayesinin inkişafına töhfə verir. Fabrikin illik istehsal gücü 50 min ton təşkil edir və burada 12 çeşiddə toyuq yemi istehsal olunur. Bu yemlər, quşların yaş qruplarına uyğun olaraq, Braziliya, Argentina, Rusiya, Almaniya, Belçika və Türkiyədən gətirilən keyfiyyətli qatqılarla hazırlanır. İstehsalat prosesində tətbiq olunan ISO 22000:2018 və “Halal” sertifikatları, məhsulların beynəlxalq qida təhlükəsizliyi və dini tələblərə uyğunluğunu təsdiqləyir. Bu sertifikatlar istehlakçılarda məhsulun keyfiyyəti və təhlükəsizliyi barədə etimad formalaşdırır.
Qeyd edək ki, “Zarat" Şirkətlər Qrupu 2005-ci ildən tədarük, saxlanc, istehsal üzrə fəaliyyət göstərən kənd təsərrüfatı yönümlü şirkətlər qrupudur. Əməkdaşlığa və tələbələr üçün yaradılan şəraitə görə “Zarat” Şirkətlər Qrupunun təsisçisi Vüqar Qardaşova təşəkkür edirik.
İctimaiyyətlə əlaqələr şöbəsi