XƏBƏRLƏR

Tələbələrin müraciətlərini araşdıran komissiya işini yekunlaşdırıb

Tələbələrin müraciətlərini araşdıran komissiya işini yekunlaşdırıb

08 yanvar 2021

Baxış sayı: 2365

COVID-19 pandemiyasının təhsil prosesinə təsiri nəticəsində yaranmış problemləri, tələbələrin şikayət və təkliflərini araşdırmaq məqsədilə Azərbaycan Universiteti rektorunun əmri ilə fəaliyyət göstərən xüsusi komissiya işini yekunlaşdıraraq tələbələrə müraciət ünvanlayıb. Müraciətdə deyilir:

Əziz tələbələrimiz,

2020-ci ilin mart ayından başlayarq bütün dünyanı bürüyən pandemiya məsafədən təhsilə keçidi zəruri edib. Qəfil yaxalandığımız bu dövr çətinliklər və məhdudiyyətlərlə yanaşı zamana qənaət, psixoloji komfort, müstəqil öyrənmə bacarıqlarının inkişafı, məkan probleminin olmaması kmi üstünlükləri ilə təhsil və öyrənməyə daha münbit şərait yaradır.

Dünyanı pandemiya qarşısında aciz qoyan 2020-ci il bizim tariximizə ən əlamətdar və ən möhtəşəm il kimi həkk olundu. 27 sentyabrda başlayan və 44 gün davam edən Vətən Müharibəsi ölkəmizin parlaq hərbi-siyasi qələbəsi ilə başa çatdı. Bu dövrdə kibermühitdə Ermənistan tərəfindən törədilən təxribatların qarşısının alınması məqsədilə internetə müvəqqəti məhdudiyyətlərin tətbiq olunması təhsil sahəsinə təsirsiz ötüşmədi. 

Azərbaycan düşmən üzərində şanlı zəfər çalmış ölkə, bizlər qalib xalq və qalib ölkənin vətəndaşlarıyıq. Ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda gedən müharibədə 3 minə yaxın hərbçimiz şəhid olub, əsgərlərimiz itkin düşüb,  qazilərimiz yaralanaraq sağlamlığını itirib. Torpaqlarımız şəhidlərimizin, qazilərimizin qanı, canı və sağlamlığı bahasına işğaldan azad edilib.

Ona görə də bizim çətinlikdən qorxub geri çəkilmək kimi bir yolumuz, seçimimiz, haqqımız olmamalıdır. Bizim cəbhəmiz, bizim döyüş meydanımız təhsildir, elmdir. Öz cəbhəmizdə biz də Azərbaycan əsgəri kimi döyüşməli, Azərbaycan əsgərinə, onun uğrunda şəhid olduğu amala layiq olmalıyıq.

Azərbaycan Universiteti Təhsil Nazirliyinin tövsiyəsi ilə təhsilin məsafədən təşkilində Microsoft Teams platformasından istifadə edən ilk universitetlər sırasındadır. 2020-ci ilin Aprel ayından başlayaraq dərslərimiz tədris planına uyğun olaraq onlayn rejimdə davam edir. Prosesin uğurlu təşkili və tətbiqində müəllimlərimizin əməyi danılmazdır.

Ötən tədris ili ilə müqayisədə məsafədən dərslərin texniki təminatı təkmilləşdirilib, proqrama yeni funksiya və imkanlar əlavə olunub. Sentyabr ayında müəllim-tələbə heyəti üçün proqramdan istifadə bacarıqlarının yüksəldilməsi məqsədilə təlimlər təşkil olunub. Azərbaycan Universitetində təhsilin məsafədən təşkilinin keyfiyyətinin ölçülməsi məqsədi ilə Tədris şöbəsinin təşkilatçılığı və Təhsil Nazirliyinin nümayəndələrinin dərslərə qoşulması ilə keçirilən monitorinqin nəticələri qənaətbəxş hesab olunub.

Əziz tələbələrimiz,

Azərbaycan Universiteti tələbələrini hər zaman dəstəkləyib və bu mövqeyini bundan sonra da davam etdirəcək. Pandemiyadan əvvəl hər tədris ilinin başlanğıcında rektor Səadət Əliyevanın tələbələrlə bilavasitə ünsiyyətdə olmaq, onların təkliflərini dinləmək, fərdi problemlərindən xəbərdar olmaq məqsədilə keçirdiyi görüşlər bunun ən bariz sübutudur. Komissiyanın fəaliyyəti də məhz bu ənənəyə əsaslanır.

1yanvar 2021-ci il tarixinə qədər tələbələrin info@au.edu.az  ünvanına müraciətləri imtahanların təşkili, imtahan suallarının azaldılması, cəbhə bölgəsində yaşamanın çətinlikləri, texniki problemlər, qayıb limitinin ləğv olunması, təhsil haqqına güzəşt olmaqla əsasən 6 istiqamətdə olub. Daxil olan bütün müraciətlərin komissiya üzvləri tərəfindən müzakirəsi aparılıb və müvafiq qərarlar qəbul olunub. Qərarları aşağıda nəzərinizə çatdırırıq:

1. Azərbaycan Universitetində 2020/2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyası 11 yanvar – 6 fevral 2021-ci il tarixlərində onlayn şifahi və onlayn test formasında təşkil olunacaq.

2. İmtahan suallarının sayı və çətinlik dərəcəsi fənni tədris edən müəllim tərəfindən tədris olunan mövzuların həcminə uyğun olaraq tərtib və müəyyən olunur.

3. Cəbhə və cəbhəyanı bölgələrdə yaşayan və universitetə bu barədə müvafiq arayış təqdim edən II, III, IV kurs tələbələrinə cari semestrdə nəzərdə tutulmuş fənlər üzrə təhsil müddətində əldə etdikləri nəticələrə (ÜOMG) uyğun olaraq 100 ballıq sistem üzrə yekun qiymət verilir. Tələbələr cari semestrdə nəzərdə tutulmuş bütün fənlər üzrə onlayn imtahan otağına qoşulmalı və onlara təklif olunan yekun qiymət ilə tanış olmalıdırlar. ÜOMG-yə uyğun olaraq müəyyənləşdirilmiş nəticələri ilə razılaşmayan tələbələr üçün fənlər üzrə onlayn şifahi imtahan təşkil edilir.  Cəbhə və cəbhəyanı bölgələrdə yaşayan və universitetə bu barədə müvafiq arayış təqdim edən I kurs tələbələrinin cari semestrdə nəzərdə tutulmuş fənlər üzrə imtahanlara 34 balla buraxılmaları təmin olunur.

4. COVID-19 xəstələri və ağır əməliyyat keçirmiş, bu barədə Universitetə müvafiq arayış təqdim edən və 50% qayıb limitini keçən tələbələrin imtahana buraxılması məsələsinə fərdi qaydada baxılacaq.

5. Azərbaycan Universitetinin Vətən Müharibəsində iştirak etmiş və tərxis olunmuş cari tələbələrinin 2020/2021-ci tədris ili üçün yaranmış təhsil haqqı borcları silinir. Qismən səfərbərliklə əlaqədar hərbi xidmətə cəlb olunan tələbələrin təhsil problemləri Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”da dəyişiklik edilməsi haqqında 19 noyabr 2020-ci il tarixli KQ-07 nömrəli qərarına əsasən aradan qaldırılacaq. Onlara akademik məzuniyyət səfərbərlik üzrə hərbi xidmətə çağırıldıqda xidmətdən tərxis edilənədək veriləcək və akademik məzuniyyətdən qayıdan şəxslər tədris prosesinə növbəti semestrdən buraxılacaqlar. Həmin tələbələrdən tərxis olunduqdan sonra universitetlə əlaqə yaratmalarını xahiş edirik.Təhsil haqqına güzəşt olunması ilə bağlı müraciət edən digər tələbələrin ərizələrinə isə fərdi qaydada baxılacaq.

6. İmtahan sessiyası dövründə tələbələrin biliyinin yenidən qiymətləndirilməsi və imtahan zamanı baş vermiş neqativ halların aradan qaldırılması üçün ixtisas kafedralarına uyğun olaraq apellyasiya komissiyasının fəaliyyəti təmin ediləcək.

Hər birinizi yeni il münasibətilə təbrik edir, qış imtahan sessiyasında uğurlar arzulayırıq!

İctimaiyyətlə əlaqələr şöbəsi
08.01.2021

DİGƏR XƏBƏRLƏR