XƏBƏRLƏR
Turizmçi tələbələrin istehsalat təcrübəsi davam edir
Azərbaycan Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin Turizm işinin təşkili ixtisasında təhsil alan sonuncu kurs tələbələrinin istehsalat təcrübəsi davam edir. “Planet Travel” turizm agentliyində təcrübə keçən tələbələrə Maliyyə və mühasibat kafedrasının müəllimi Gülanə İsayeva rəhbərlik edir.
Təcrübənin ilk günündə tələbələrə şirkətin məqsədi, fəaliyyəti və strukturu ilə bağlı ətraflı məlumat verilib, əmək münasibətləri, işçilərin hüquq və vəzifələri izah edilib.
Təcrübə müddətində isə tələbələr mövcud turizm məhsulları haqqında müştərilərin məlumatlandırılması, istehlakçı müraciətlərinin qəbul edilməsi, təhlili, müştəri tələbatlarının öyrənilməsi və bu kimi sahələrdə görülən işləri öyrənirlər. Onlara həmçinin turizm məhsulunun təqdimatının hazırlanması, mövcud turizm məhsulları haqqında məlumatların müştərilərə ofisdə və ya telefon vasitəsilə çatdırılması, turizm məhsullarının satışı, tur paketinin qeydiyyatının aparılması, müqavilənin hazırlanması, turist müşayiəti xidmətinin göstərilməsi, hesabatların hazırlanması kimi praktik əhəmiyyət kəsb edən işlər əyani şəkildə göstərilir.
Turizm işinin təşkili ixtisası üzrə istehsalat təcrübəsi 24 may 2025-ci il tarixində başa çatacaq.
İctimaiyyətlə əlaqələr şöbəsi