XƏBƏRLƏR
Azərbaycan Universitetinin Turizm işinin təşkili ixtisasına qəbul ingilis dilində də aparılacaq
Dünyada sürətlə inkişaf edən biznes sahələrindən biri olan turizm sektorunun inkişafı və iqtisadi səmərəliliyinin artırılması Azərbaycanda prioritet istiqamətlərdən biridir. İş dünyasının müasir çağırışlarını nəzərə alan və qəbul planında hər il mühüm dəyişikliklər və yeniliklər edən Azərbaycan Universitetinin Turizm işinin təşkili ixtisasına bu ildən Azərbaycan dili ilə yanaşı ingilis dilində də qəbul aparılacaq. Məqsəd əmək bazarının tələblərinə cavab verən mütəxəssislərin hazırlanmasıdır.
2024/2025-ci tədris ili üzrə qəbul planında ingilisdilli Turizm işinin təşkili ixtisasına 10 plan yeri ayrılıb. Qəbul Dövlət İmtahan Mərkəzi tərəfindən həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla aparılır. Təhsil müddəti 1 il dil hazırlığı olmaqla 5 ildir.
Qeyd edək ki, Turizm işinin təşkili ixtisasının əsas məqsədi turizm sənayesi üçün idarəetmə, satış və müştəri xidmətləri sahələrində nəzəri və praktiki biliklərə malik kadrların hazırlanmasıdır. İxtisas üzrə məzunların vəzifə öhdəliklərinə xarici və daxili, fərdi və qrup turlarının təşkili, xarici və daxili tərəfdaşlar ilə əlaqələrin qurulması və işgüzar yazışmaların aparılması, müştərilərdən gələn sorğuların cavablandırılması, otellərin və turizm xidmətlərinin bronlaşdırılması, səyahət sığortasının yazılması, mövsümə uyğun turların analiz edilib hazırlanması, müştərilərə viza dəstəyi xidmətinin göstərilməsi, aviabiletlərlə bağlı əməliyyatların aparılması və bu kimi işlər daxildir. İxtisas üzrə məzunlar mehmanxana şəbəkələri, turizm şirkətləri, beynəlxalq turizm təşklatları, Azərbaycan Dövlət Turizm Agentliyi və bu kimi uyğun təyinatlı dövlət qurumlarında işləyə bilərlər.
Azərbaycan Universitetinin 2024/2025-ci tədris ili üçün bakalavriat səviyyəsinə qəbul planı ilə keçid vasitəsilə tanış olmaq mümkündür.
https://au.edu.az/az/admission/bakalavriata-gebul
İctimaiyyətlə əlaqələr şöbəsi