XƏBƏRLƏR
Azərbaycan Universitetində “Xidmət düşüncə tərzinin inkişaf etdirilməsi” mövzusunda təlim keçirilib
Azərbaycan Universitetinin Keyfiyyət təminatı şöbəsinin təşkilati və metodoloji dəstəyi ilə Ömürboyu təhsilə dəstək: Təlim-Tədris Mərkəzi tərəfindən “Xidmət düşüncə tərzinin inkişaf etdirilməsi” mövzusunda təlim keçirilib. Təlimin əsas məqsədi kollektivdə xidmət yönümlü yanaşmanın və davranış modelinin formalaşdırılması və gücləndirilməsidir.
İqtisadiyyat və idarəetmə kafedrasının müəllimi Elvin Kərimovun təqdimatında təşkil olunan təlimdə universitetin akademik-inzibati heyət üzvləri iştirak edib. Eyni zamanda universitetin məzunu olan Elvin Kərimovun təqdimatı elmi araşdırma, tətbiq və təcrübə olmaqla üç hissədən ibarət olub. Xidmət yönümlü düşüncə modelinin fundamental prinsipləri, xidmət düşüncə tərzinin əsas prinsiplərinin praktik tətbiqi yolları, təlimçinin təcrübələrində xidmət yanaşması kimi mövzuları əhatə edən təlim iştirakçıların fəal müzakirələri ilə yekunlaşıb.
Qeyd edək ki, təlim BMT-nin “Dayanıqlı inkişaf məqsədləri”ndən sülh, ədalət və səmərəli institutlar; keyfiyyətli təhsil; layiqli əmək və iqtisadi artım; bərabərsizliyin azaldılması; dayanıqlı şəhərlər və icmalar prinsiplərinə əsaslanaraq təşkil olunub.
İctimaiyyətlə əlaqələr şöbəsi