XƏBƏRLƏR
Azərbaycan Universitetində Xocalı soyqırımına həsr olunmuş növbəti tədbir keçirilib
Azərbaycan Universitetində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş “Qayıdış günü uzaqda deyil” adlı tədbir keçirilib. Tədbirdə soyqırımı qurbanlarının, Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi yolunda canından keçmiş şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbirdə 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin peşə öyrənən gəncləri tərəfindən universitetin tələbə-müəllim heyəti üçün faicəyə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş olunub. Kompozisiya Xocalı soyqırımından bəhs edən şeirlər və səhnəcikdən ibarət olub.
Tədbirdə Azərbaycan Universitetinin prorektoru Yusif Qasımov və mərkəzin direktoru Rəhilə Həsrətova Xocalı soyqırımının anılmasının vacibliyini və əhəmiyyətini vurğulayıblar.
Anım tədbirində Parlament Jurnalistləri Birliyinin sədri, Modern.az saytın rəhbəri Elşad Eyvazlının “Böyüməyən uşaqlar” kitabının motivləri əsasında çəkilən eyniadlı film də nümayiş olunub.
Tədbir Azərbaycan Universitetinin 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində istehsalat təcrübəsində olan Sosial iş ixtisası üzrə təhsil alan IV kurs tələbələrinin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilib. Mərkəz 15-29 yaşlarında sağlamlıq imkanları məhdud olan gənclərin peşə hazırlığı üsulu ilə cəmiyyətə, özünəməşğulluq və məşğulluq çərçivəsində əmək bazarına inteqrasiyasını və sosial reabilitasiyasını təşkil edir.
Tədbirdə mərkəzin gənclərinin hazırladığı əl işləri və əsərlər də nümayiş olunub.
İctimaiyyətlə əlaqələr şöbəsi
26.02.2020