XƏBƏRLƏR

Xocalı soyqırımının şahidi Səlim Musayev Azərbaycan Universitetinin tələbələri ilə görüşüb

Xocalı soyqırımının şahidi Səlim Musayev Azərbaycan Universitetinin tələbələri ilə görüşüb

26 fevral 2024

Baxış sayı: 437

Azərbaycan Universitetində Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar keçirilən anım tədbirində faciənin canlı şahidi, Xocalı sakini Səlim Musayev tələbələr qarşısında çıxış edib. Səlim Musayev 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda dinc əhaliyə qarşı törədilən erməni vəhşiliyi haqqında faktlarla məlumat verib. 

Azərbaycan Universitetinin Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə keçirilən tədbirdə təşkilatın sədri Rəsul Dadaşov, Siyasi və ictimai elmlər kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışinski, tədbirin qonağı Əmək və Sosial Münasibətlər Akademiyası Tələbə Gənclər Təşkilatının sədri Ömər Sərxanlı da çıxış edərək,  soyqırımın dəhşətləri ilə bağlı faktları diqqətə çatdırıblar, “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasının nəticələri haqqında məlumat veriblər. Çıxışlarda qeyd olunub ki, xalqımız tarixinə qanla yazılmış bu faciəni heç vaxt unutmayacaq. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Cənab Prezident İlham Əliyev oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. Xocalıda Azərbaycan Bayrağının dalğalanması soyqırımı qurbanlarının qanının yerdə qalmadığını bir daha nümayiş etdirir.

Qeyd edək ki, Xocalı soyqırımı zamanı 613 nəfər ödürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onların 150-sinin taleyi indi də məlum deyil.

İctimaiyyətlə əlaqələr şöbəsi



DİGƏR XƏBƏRLƏR