XƏBƏRLƏR

“Yeni bir dünya ilə tanış olmaq” istəyənləri “Erasmus”a qoşulmağa dəvət edirəm

“Yeni bir dünya ilə tanış olmaq” istəyənləri “Erasmus”a qoşulmağa dəvət edirəm

20 dekabr 2022

Baxış sayı: 7380

Mən Dilarə Fətullayeva, Azərbaycan Universitetinin Sosial iş ixtisası üzrə III kurs tələbəsiyəm. 2022/2023-cü tədris ilində “Erasmus+” proqramı ilə Ruminiyanın Timișoara Universitetində (The West University of Timisoara) 1 semestrlik təhsil almaq şansı qazanmışam. Dərslər bir müddətdir ki, davam edir və yaxın müddətdə vətənə qayıdacam. Ailə üzvlərimə, müəllimlərimə, qrup yoldaşlarıma danışacaq çox şeyim var. 

Düşünürəm ki, mübadilə tələbəsi olmaq fərqli təhsil sistemi ilə qarşılaşmaqla yanaşı, fərqli dünyagörüşləri, fərqli mədəniyyətlər və həyat tərzləri ilə tanış olmağa da imkan yaradır. “Erasmus+” proqramına qoşulmağın ən böyük üstünlüyü də məhz budur. Fərqli ölkələrin, adət-ənənələri fərqli olan xalqların nümayəndələri ilə olan ünsiyyətdə olmaq, mədəniyyətlərini tanımaq və onlara Azərbaycan haqqında məlumat vermək imkanı əldə etmək inanılmaz bir fürsət və şansdır. Mənə verilən bu şansı ən yaxşı şəkildə dəyərləndirməyə çalışır, bu təcrübənin Sosial işçi olaraq da mənə çox şey qatacağına inanıram. 

Özünəinamı artırmaq, İngilis dilini təkmilləşdirməklə birlikdə ikinci bir xarici dil öyrənmək, yeni insanlarla tanış olmaq və yeni dostluqlar qurmaq, yeni mədəniyyətlər kəşf etmək, ən vacibi CV-yə yazmaq üçün böyük bir təcrübə əldə etmək - mən bütün bunların hamısına qısaca “yeni bir dünya ilə tanış olmaq” deyirəm. “Yeni bir dünya ilə tanış olmaq” istəyən bütün tələbələri “Erasmus+” proqramına qoşulmağa dəvət edir və tələbələrinə yaratdığı imkanlar üçün universitetimə təşəkkür edirəm. 

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR