XƏBƏRLƏR

“18 Oktyabr – Müstəqilliyin Bərpası Günü”nə həsr olunan tədbir keçirilib

“18 Oktyabr – Müstəqilliyin Bərpası Günü”nə həsr olunan tədbir keçirilib

18 oktyabr 2022

Baxış sayı: 4947

Azərbaycan Universitetində “18 Oktyabr – Müstəqilliyin Bərpası Günü”nə həsr olunan tədbir keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirin əsas mühazirəçisi AMEA Tarix İnstitutunun Baş direktoru, professor Kərim Şükürov olub. 

Tədbiri giriş sözü ilə universitetin elmi işlər üzrə prorektoru Yusif Qasımov açaraq qeyd edib ki, müasir Azərbaycan 1918-1920-ci illərdə mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisidir. 1991-ci ilin oktyabrında dövlət müstəqilliyini bərpa edilməsi ilə Azərbaycanın dövlətçilik tarixində yeni bir səhifə açılıb. Fəqət ərazi bütövlüyünün bərpası və dövlət sərhədlərinə tam nəzarət 30 il sonra – Azərbaycanın suveren haqlarını beynəlxalq hüquq çərçivəsində müdafiə edərək əldə etdiyi Qarabağ zəfərinin ardından mümkün olub.  

İctimai elmlər kaderasının müdiri, professor Qabil Əliyev Tarix İnstitutu tərəfindən nəşr olunan və Azərbaycan tarixinə dair ciddi tədqiqatların məhsulu olan 100-dən çox kitabın universitetin kitabxanasına hədiyyə edildiyini bildirib və Azərbaycan Universitetinin kollektivi adından institut rəhbərliyinə minnətdarlığını ifadə edib. 

AMEA Tarix İnstitutunun Baş direktoru, professor Kərim Şükürovun çıxışı “Azərbaycan Respublikasının müstəqillik dövrü tarixi: öyrənilməsi, uğurları, problemlər, vəzifələr” mövzusuna həsr olunub. Çıxışında dövlət müstəqilliyinin bərpasının ilk illərində baş verən hadisələrə nəzər salan Kərim Şükürov qeyd edib ki, Azərbaycan dövlətçiliyi müstəqillik dövründə müxtəlif çətinliklərlə üzləşib. Müstəqilliyinin bərpası çox ağır və mürəkkəb bir zamanda, Ermənistanın hərbi təcavüzünü dəf etmək şəraitində həyata keçirilib. Yalnız 1993-cü ilin iyun ayında ümummilli lider Heydər Əliyev Azərbaycan rəhbərliyinə gəldikdən sonra dövlət müstəqilliyini möhkəmləndirmək üçün qətiyyətli və məqsədyönlü addımlar atılıb. Son 18 il ərzində isə ümummilli liderin layiqli davamçısı İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan Respublikası bütün sahələrdə böyük uğurlar qazanıb, Qarabağ torpaqları düşmən tapdağından azad edilib.  

Kərim Şükürov çıxışında Azərbaycan gəncliyinin şanlı zəfərin qazanılmasındakı rolunu xüsusi vurğulayıb, postmüharibə dövründə Qarabağda aparılan quruculuq və bəpra işlərinə də nəzər salıb. 

İctimaiyyətlə əlaqələr şöbəsi



DİGƏR XƏBƏRLƏR