XƏBƏRLƏR

Payız semestrində Azərbaycan Universitetinin 48 tələbəsinə daxili təqaüd təyin olunub

Payız semestrində Azərbaycan Universitetinin 48 tələbəsinə daxili təqaüd təyin olunub

01 noyabr 2016

Baxış sayı: 4901

2016/2017-ci tədris ilinin payız semestrində Azərbaycan Universitetinin 48 tələbəsinə “Daxili təqaüd proqramı” çərçivəsində təqaüd təyin olunub. Onlardan 2 nəfəri həm də dövlət təqaüdçüsü olub, aylıq təqaüdlərinin miqdarını 304,5 manata çatdırıblar.

Azərbaycan Universitetinin öz büdcəsindən maliyyələşən “Daxili təqaüd proqramı”nın şərtlərinə əsasən 42-si bakalavriat, 6-sı isə magistratura pilləsində olmaqla 10 tələbəyə aylıq 200, 2 tələbəyə aylıq 100, 34 tələbəyə aylıq 75, 2 tələbəyə isə aylıq 50 manat miqdarında təqaüd təyin olunub. Bakalavriat tələbələrindən 24 nəfəri Humanitar fənlər fakültəsinin, 10 nəfəri Biznes və iqtisadiyyat fakültəsinin, 7 nəfəri Sosial iş fakültəsinin, 1 nəfəri isə İnformasiya – kommunikasiya texnologiyaları fakültəsinin tələbəsidir.  

Təqaüdlərin miqdarı orta akademik müvəffəqiyyət göstəricisi və yaz imtahan sessiyasının nəticələri əsas alınaraq 01 sentyabr 2016- 31 yanvar 2017-ci il tarixləri arasında müəyyənləşdirilib.

Universitetin 14 tələbəsi isə payız semestrində dövlət təqaüdü alacaq.  Onlardan ikisi – Nuranə Səmədzadə (Azərbaycan dili və ədəbiyyat müəllimliyi, IV kurs) və Elnarə İskəndərova (İngilis dili müəllimliyi, IV kurs) həm də daxili təqaüd proqramının şərtlərini qarşıladıqları üçün ikili təqaüd alırlar. Qeyd olunmuş tələbələrin payız semestrində alacaqları aylıq 304,5 manat təşkil edir.

Qeyd edək ki, Azərbaycan Universitetinin “Daxili Təqaüd və Təhsil haqqından Güzəştlər Proqramı” 2013/2014-cü tədris ilindən etibarən tətbiq edilir. Tələbələr universitetə qəbul balına və təhsil aldıqları müddətdə göstərdikləri nəticələrə uyğun olaraq proqramdan yararlanırlar. Təqaüdlərin miqdarı 50 manatdan 200 manatadək olmaqla hər semestrdə tam akademik yükü ödəmiş tələbələrə müvəffəqiyyətlərindən asılı olaraq müəyyənləşdirilir.

Azərbaycan Universiteti yüksək intellektli tələbələrə təhsil haqqının məbləğində də əhəmiyyətli güzəştlər edir. Belə ki, Universitetə 420 və yuxarı balla qəbul olanlar aşağıda göstərilən təhsil haqqı güzəştlərindən də faydalanırlar:

  • 420-489 bal: 25%
  • 490-559 bal: 50%
  • 560-629 bal: 75%
  • 630-700 bal: 100%

600 və yuxarı balla Universitetə qəbul olanlar 4 il ərzində təhsil haqqı ödənişindən tam azaddırlar. Onlar Azərbaycan Universitetinin öz büdcəsi hesabına oxuyurlar. Digər təhsil haqqı güzəştləri isə yalnız birinci tədris ilinə şamil olunur. İkinci tədris ilindən etibarən akademik göstəricilərinə uyğun olaraq tələbələrə 50, 75, 100 və 200 azn məbləğində təqaüd təyin olunur.

Tələbələrin təhsil aldıqları dövrdə göstərdikləri nəticələrə görə təqaüdlərin şərtləri bakalavriat səviyyəsi üzrə aşağıdakı kimidir:

  • Orta müvəffəqiyyət göstəricisi 83,0-86,9 arasında, qiymətləri A/B olan tələbələr üçün - 50 manat
  • Orta müvəffəqiyyət göstəricisi 87,0 və yuxarı, qiymətləri A/B olan tələbələr üçün – 75 manat
  • Orta müvəffəqiyyət göstəricisi 90-93 arasında, qiymətləri A olan tələbələr üçün – 100 manat
  • Orta müvəffəqiyyət göstəricisi 93-dən yuxarı, qiymətləri A olan tələbələr üçün – 200 manat

Magistratura səviyyəsi üzrə təqaüdlərin şərtləri  aşağıdakı kimidir:

  • Orta müvəffəqiyyət göstəricisi 87 və yuxarı, qiymətləri A/B olan tələbələr üçün - 75 manat 
  • Orta müvəffəqiyyət göstəricisi 90-dan yuxarı və qiymətləri A olan tələbələr üçün - 100 manat

İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsi
01.11.2016

DİGƏR XƏBƏRLƏR