XƏBƏRLƏR

“28 May – Müstəqillik Günü”nə həsr olunmuş tədbir keçirilib

“28 May – Müstəqillik Günü”nə həsr olunmuş tədbir keçirilib

27 may 2022

Baxış sayı: 1327

Azərbaycan Universitetində İctimai elmlər kafedrasının təşkilatçılığı ilə “28 May – Müstəqillik Günü”nə həsr olunmuş tədbir keçirilib. Tədbirin qonağı akademik Yaqub Mahmudov olub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə başlayıb.

Tədbirdə bildirilib ki, bu il ilk dəfə olaraq Azərbaycanda mayın 28-i Respublika Günü deyil, Müstəqillik Günü kimi qeyd edilir. Milli Məclis tərəfindən 2021-ci ildə “Müstəqillik Günü haqqında” yeni qanunun qəbul edilməsi ilə Mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilib.

Universitetin elmi işlər üzrə prorektoru Yusif Qasımov qeyd edib ki, Azərbaycan xalqı qədim və zəngin dövlətçilik tarixinə malikdir. Bu il 104 illiyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik ənənələrimizin bərpasında böyük rol oynayıb, xalqımızın böyüklüyünü bütün dünyaya nümayiş etdirib. Haqlı olaraq fəxr edirik ki, AXC Avropanın əksər ölkələrini qabaqlayaraq mütərəqqi demokratik dəyərləri həm bəyan edib, həm də praktiki fəaliyyətində onları təmin edib. Bugünkü müstəqil Azərbaycan onun bütün demokratik ənənələrinə sadiqdir və bu ənənələri yaşadır.

Tədbir iştirakçıları daha sonra akademik Yaqub Mahmudovun “Dövlətçilik tariximizin Cümhuriyyət mərhələsi” mövzusunda məruzəsini dinləyiblər. Akademik bildirib ki, Cümhuriyyətə qədər Avropada müxtəlif inqilablar baş versə də, bu qədər zəngin demokratik dəyərlərə malik dövlət qurulmayıb. Müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti bu baxımdan dünyada parlaq bir hadisə, tariximizdə də ən şanlı səhifədir. 5 min illik dövlətçilik tariximizin bütün əlamətdar hadisələrini bir kənara qoysaq, Azərbaycan xalqı təkcə Cümhuriyyəti qurduğu üçün  başını dik tutub gəzməyə layiqdir.

Məruzədə AXC qurucularının həyat və fəaliyyəti, Qafqaz İslam Ordusunun tərkibində vuruşan Cümhuriyyət zabitləri, Bakının erməni-bolşevik işğalından azad edilməsi, “İstiqlal Bəyannaməsi”nin maddələri, Azərbaycan nümayəndə heyətinin  Paris Sülh Konfransında iştirak etmək, AXC-nin bolşeviklər tərəfindən işğalı kimi mövzulara da toxunulub.

Yaqub Mahmudov qeyd edib ki, AXC qarşısına qoyduğu bütün məqsədlərə işğal səbəbiylə tam müvəffəq ola bilməsə də, onun Azərbaycan xalqının şüurunda bərqərar etdiyi müstəqillik arzusu unudulmayıb. 1988-ci ildən başlayaraq baş verən proseslər Azərbaycanın dövlət müstəqilliyinin bərpası ilə yekunlaşıb.

Akademik xalqımızın AXC qurucularını daim böyük minnətdarlıq hissi ilə yad etdiyini bildirib, tədbir iştiakçılarını 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib.

İctimaiyyətlə əlaqələr şöbəsi
27.05.2022

DİGƏR XƏBƏRLƏR