XƏBƏRLƏR
Azərbaycan Universitetinin bir qrup müəllim və tələbə heyəti COP29 tədbirində iştirak edib
Azərbaycan Universitetinin bir qrup müəllim və tələbəsi “COP29 - Yaşıl strategiya, iqlim dəyişikliyi və sosial elmlər: çağırışlar, vəzifələr” mövzusuna həsr olunan dəyirmi masada iştirak edib. Tədbir Sosial Tədqiqatlar Mərkəzi (STM) və AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutu tərəfindən birgə təşkil olunub.
Dəyirmi masada Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, professor İlham Məmmədzadə, COP29 Təşkilat Komitəsinin üzvü, "Sağlamlığa Xidmət" İctimai Birliyinin icraçı direktoru, millət vəkili Pərvanə Vəliyevanın çıxışları dinlənilib. Çıxışlarda vurğulanıb ki, iqlim dəyişikliyinin aparıcı səbəblərindən biri insan amilidir. İnsanların antropogen və texnogen fəaliyyətinin təsiri nəticəsində ətraf mühitin, onun amillərinin, təbii sərvətlərin, biosferin, ekosistemlərin, flora və faunanın normal ahənginin pozulması baş verib. Bu baxımdan qlobal iqlim böhranından çıxış yolunun axtarılmasında ictimai elmlərin qarşılıqlı əməkdaşlığı, birgə tədqiqatların təşkili böyük səmərə verə bilər.
Çıxışlarda COP29, vətəndaş cəmiyyəti, insan hüquqları və ətraf mühitlə bağlı bir sıra vacib məqamlara da toxunulub. İqlim böhranının həllində elmi-tədqiqat yollarının müəyyənləşdirilməsi, yaşıl strategiya və iqlim dəyişikliyinin idarə edilməsi üçün sosial elmlərin vəzifələri və töhfələrindən bəhs olunub.
Qeyd edək ki, tədbirdə Azərbaycan Universitetinin Siyasi və ictimai elmlər kafedrasının müəllimi Samir Hümbətov, Politologiya ixtisası üzrə təhsil alan II kurs və Regionşünaslıq (Avropa ölkələri üzrə) ixtisası üzrə təhsil alan III kurs tələbələri iştirak edib.
İctimaiyyətlə əlaqələr şöbəsi