XƏBƏRLƏR

Azərbaycan Universitetinin arxeoloji tədqiqata cəlb olunan tələbələri təltif olunub

Azərbaycan Universitetinin arxeoloji tədqiqata cəlb olunan tələbələri təltif olunub

30 sentyabr 2025

Baxış sayı: 79

2022-ci ildən etibarən AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu ilə Almaniya Arxeologiya İnstitutu arasında bağlanmış memoranduma əsasən iki ölkənin arxeoloqlarının iştirakı ilə “Qarabağ düzənliyinin arxeoloji tədqiqi” layihəsi çərçivəsində arxeoloji tədqiqatlar həyata keçirilir. Bu il arxeoloji qazıntılar Ağcabədi rayonu ərazisində yerləşən Leylatəpə və Canavartəpə Xalkolit dövrü yaşayış məskənlərində aparılıb. Qazıntılar zamanı qazma tipli yaşayış və təsərrüfat qurğuları, dövrün mədəni, iqtisadi, təsərrüfat həyatını özündə əks etdirən yüzlərlə maddi mədəniyyət nümunəsi aşkarlanıb.

Bu il Azərbaycan Universitetinin Tarix ixtisasında təhsil alan tələbələr, Siyasi və ictimai elmlər kafedrasının nəzdində fəaliyyət göstərən Tarixi Şəxsiyyətlər Klubunun üzvləri Şəfa Hümbətova və Zəhra Baxşiyeva da tədqiqatlara cəlb olunub. Həm yerli, həm də alman arxeoloqları qarşısında ingilis dilində təqdimat nümayiş etdirən, həmçinin arxeoloji abidələrin və artefaktların qazılması və sənədləşdirilməsində yaxından iştirak edən tələbələr AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu və Almaniya Arxeologiya İnstitutu tərəfindən sertifikatla təltif olunublar.

Qeyd edək ki, tədqiqatlar Qarabağ düzənliyində Neolit və Xalkolit dövrü yaşayış məskənlərinin tədqiqini ehtiva edir və birgə layihənin Azərbaycan tərəfdən rəhbəri Xəqani Alməmmədov, Almaniya tərəfindən isə Mark İserlisdir.

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR