XƏBƏRLƏR

Əhməd bəy Ağaoğlunun həyat və fəaliyyətinə həsr olunan dəyirmi masa keçirilib

Əhməd bəy Ağaoğlunun  həyat və fəaliyyətinə həsr olunan dəyirmi masa keçirilib

17 oktyabr 2022

Baxış sayı: 6777

Azərbaycan Universitetində görkəmli mütəfəkkir, ictimai – siyasi xadim, hüquqşünas, jurnalist, yazıçı Əhməd bəy Ağaoğlunun həyat və fəaliyyətinə həsr olunan dəyirmi masa keçirilib. Azərbaycan dili və ədəbiyyat kafedrası ilə Elm şöbəsi tərəfindən birgə təşkil olunan tədbirin qonağı Şimali Kipr Türk Cümhuriyyətinin Lefke Avropa Universitetinin Türk Dili və ədəbiyyatı kafedrasının müdiri, dosent Nazim Muradov olub. 

Tədbiri giriş sözü ilə elmi işlər üzrə prorektor Yusif Qasımov açaraq qonağı tədbir iştirakçılarına təqdim edib, elmi-pedaqoji fəaliyyəti haqqında məlumat verib. Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri Ülviyyə Rəhimova bildirib ki, Əhməd bəy Ağaoğlunun Azərbaycanın ictimai-siyasi fikir tarixində böyük xidmətləri olub. Kafedranın professoru Qorxmaz Quliyev Əhməd bəy Ağaoğlunun irsinin intibah kontekstində geniş şəkildə öyrənilməsinin vacibliyini vurğulayıb. 

Dəyirmi masanın əsas məruzəçisi dosent Nazim Muradov çıxışında  Əhməd bəy Ağaoğlunun həyat və fəaliyyətinin müxtəlif dövrləri, təhsil həyatı, ictimai-siyasi baxışları, özünəməxsus siması, erməni fitnəkarlığının qarşısının alınmasındakı xidmətləri, ermənilərə onların öz üsulları ilə cavab vermək məqsədi ilə yaratdığı “Difai” təşkilatı,  jurnalistlik fəaliyyəti, Atatürk ilə münasibətləri, Məmməd Əmin Rəsulzadə ilə münasibətləri, Türkiyədəki həyat və fəaliyyətinə dair maraqlı faktlar təqdim edib.  

Dəyirmi masa mövzu ətrafında müzakirələrlə davam edib. 

Qeyd edək ki, dəyirmi masa 2022-ci ilin Azərbaycan Respublikasında “Şuşa İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2022-ci il tarixli Sərəncamını rəhbər tutaraq və Azərbaycan Universitetinin “Şuşa İli” çərçivəsində həyata keçiriləcək tədbirlər planının icrasının təmin edilməsi məqsədilə keçirilib.  

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR