XƏBƏRLƏR

Akademik Yaqub Mahmudov tarixçi tələbələrə ustad dərsi keçib

Akademik Yaqub Mahmudov tarixçi tələbələrə ustad dərsi keçib

29 noyabr 2022

Baxış sayı: 8572

AMEA-nın həqiqi üzvü,  Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı,  akademik Yaqub Mahmudov Azərbaycan Universitetinin Tarix ixtisası üzrə təhsil alan tələbələrinə “Real tarix və “Böyük Ermənistan” uydurması” haqqında ustad dərsi keçib. İctimai elmlər kafedrasının təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə açan kafedranın müdiri professor Qabil Əliyev akademikin araşdırmalarını yüksək qiymətləndirib. Professer bildirib ki, Yaqub Mahmudovun tədqiq etdiyi mövzular Azərbaycan tarixi və hər bir Azərbaycan vətəndaşı üçün mühüm əhəmiyyət kəsb edir.  

Ardınca Yaqub Mahmudov qeyd edib ki, cənab Prezident İlham Əliyevin təşəbbüsü və tapşırığı ilə Azərbaycan tarix elmi saxtalaşdırma və təhriflərdən təmizlənir, xarici ölkələrdə saxlanılan çoxsaylı mənbələr, o cümlədən arxiv sənədləri ölkəyə gətirilir. AMEA Tarix İnstitutu tərəfindən bu istiqamətdə onlarla qiymətli əsər nəşr olunub. “Real tarix və “Böyük Ermənistan” uydurması” kitabı da ölkə başçısının çağırışlarına cavab olaraq ərsəyə gətirilib. 

Akademik daha sonra Azərbaycan xalqının təşəkkülü prosesi, XIX əsrin əvvəllərində Azərbaycan torpaqlarının Rusiya və Qacarlar dövləti arasında bölüşdürülməsi, Gülüstan və Türkmənçay müqavilələri, ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülüb yerləşdirilməsi kimi mövzulara toxunub. Həmçinin bildirib ki, kitabda ermənilərin Kiçik Asiyaya Balkan yarımadasından köçüb gəldikləri, mənşəcə qədim frigiyalılarla qohum etnos olduqları və Asiya qitəsinin aborigen əhalisi olmadıqları ilk mənbələr əsasında sübuta yetirilib. Tarixdə heç zaman “Böyük Ermənistan” adlanan dövlət olmayıb və “Böyük Ermənistan” anlayışı Azərbaycan, Türkiyə və Gürcüstan torpaqlarına sahib çıxmaq məqsədilə erməni saxtakarları tərəfindən sonradan uydurulub. Müasir ermənilər “Armeniya”, “armyane”, “erməni” adlarına Şərqi Anadoluya köçüb gəldikdən sonra sahib çıxıblar.

Qeyd edək ki, “Real tarix və “Böyük Ermənistan” uydurması” kitabı türk, rus, ingilis, gürcü, ərəb, fars, alman, ispan, fransız və ibri dillərində də nəşr olunub.

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR