XƏBƏRLƏR

Professor Akif Musayev vəfat edib

Professor Akif Musayev vəfat edib

11 iyul 2022

Baxış sayı: 1595

Azərbaycan elminə ağır itki üz verib. Görkəmli iqtisadçı alim, AMEA-nın İqtisadiyyat İnstitutunun nəzdində Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin rəhbəri, AMEA-nın müxbir üzvü, 2007-2011-ci illərdə Azərbaycan Universitetinin rektoru vəzifəsini icra etmiş professor Akif Fərhad oğlu Musayev vəfat edib.

Akif Fərhad oğlu Musayev 1947-ci ildə Füzuli rayonunun Qorgan kəndində anadan olub. 1971-ci ildə Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra SSRİ Elmlər Akademiyasının Mərkəzi İqtisadiyyat-Riyaziyyat İnstitutunun aspiranturasına daxil olub. 1977-ci ildə iqtisadi-riyazi üsullar ixtisası üzrə fəlsəfə doktoru, 1992-ci ildə isə xalq təsərrüfatı və onun sahələrinin (sənaye) iqtisadiyyatı, planlaşdırılması və idarə edilməsinin təşkili ixtisası üzrə elmlər doktoru elmi dərəcələrini alıb. 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib.

Akif Musayev əmək fəaliyyətinə 1967-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının Kibernetika İnstitutunun (indiki İdarəetmə Sistemləri İnstitutu) İqtisadi-riyazi modellər laboratoriyasında başlayıb. 1976-1980-ci illərdə Kibernetika İnstitutunda baş elmi işçi, 1980-1991-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) baş müəllim, dosent, 1991-1999-cu illərdə Azərbaycan Dövlət Neft Akademiyasında Maşınqayırma sənayesinin iqtisadiyyatı və menecment kafedrasının müdiri vəzifələrində çalışıb. Ölkə başçısının 1994-cü il 24 sentyabr tarixli Fərmanı ilə yaradılmış və 1998-ci il aprelin 11-dək fəaliyyət göstərmiş Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Ali Ekspert Komissiyasının üzvü kimi ölkədə özəl təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsi və dövlət qeydiyyatı mexanizminin yaradılması və həyata keçirilməsi ilə bağlı işlərin təşkilində yaxından iştirak edib.

Akif Musayev 1999-cu ildə Vergilər Nazirliyi Tədris Mərkəzinin, eyni zamanda, 1999-2000-ci illərdə Baş Dövlət Vergi Müfəttişliyinin Analitik İnformasiya idarəsinin rəisi, 2000-2007-ci illərdə Vergilər Nazirliyi Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin rəisi, 2001-2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Vergi və vergi qoyma kafedrasının rəhbəri, 2007-2011-ci illərdə Azərbaycan Universitetinin rektoru, 2011-2013-cü illərdə Vergilər Nazirliyi Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin rəisi, 2013-2015-ci illərdə Vergilər nazirinin vergi siyasəti məsələləri üzrə müşaviri vəzifələrində çalışıb.

2016-2020-ci illərdə İqtisadiyyat İnstitutunun İqtisadi tədqiqatların riyazi təminatı şöbəsinin müdiri, 2020-ci ildən vəfatına kimi isə İqtisadiyyat İnstitutunun nəzdində Postkonflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin rəhbəri olub.

Alim 400-dən artıq elmi əsərin, bir çox monoqrafiya, dərslik və dərs vəsaitinin, fənn proqramlarının müəllifi idi. Onun elmi kadrların yetişdirilməsindəki xidmətləri də diqqətə layiqdir.

Akif Musayevin tədqiqat istiqamətləri nəqliyyat proseslərinin modelləşdirilməsi, maşınqayırma və neft sənayesinin qarşılıqlı fəaliyyətinin modelləşdirilməsi, fiskal siyasətin modelləşdirilməsi, iqtisadiyyatda riyazi modelləşdirmə və proqnozlaşdırma, vergilərin iqtisadi problemlərinin elmi-tədqiqi istiqaməti və s. sahələri əhatə edirdi.

İqtisadçı alim Akif Musayev Prezident İlham Əliyevin 2007-ci il 9 fevral tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə medalı”na, 2018-ci il 16 oktyabr tarixli Sərəncamı ilə isə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb. Eyni zamanda, müxtəlif illərdə AMEA-nın və Vergilər Nazirliyinin fəxri fərmanları ilə təltif edilib.

Həmçinin Britaniyanın Kembric Beynəlxalq Bioqrafiya Mərkəzi və Amerikanın Şimali Karolina Bioqrafiya İnstitutunun idarə heyətləri tərəfindən dünya elm və təhsilinə verdiyi töhfələrə görə “Beynəlxalq Şərəf Diplomu” və “Görkəmli lider mükafatı” ilə təltif olunub.

O, bir sıra jurnalların redaksiya heyətinin üzvü, Gürcüstan Qafqaz Universitetinin fəxri doktoru idi.

Azərbaycan Universitetinin kollektivi adından ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.

Akif müəllimin xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR