XƏBƏRLƏR

Anar İsgəndərov: AXC dövründə 328 dəfə “ilk” sözünə imza atılıb

Anar İsgəndərov: AXC dövründə 328 dəfə “ilk” sözünə imza atılıb

27 oktyabr 2017

Baxış sayı: 6278

Azərbaycan Universitetinin ənənəvi fərdi inkişaf mühazirələrinin növbəti qonağı tarix elmləri doktoru, professor Anar İsgəndərov olub. “AXC-yə gedən yol” başlıqlı mühazirədə Azərbaycanın vətəni hər şeydən yüksək tutaraq cəsarətli tarixi addım atan ziyalıları haqqında məlumat verilib, tələbələrə 23 ayda görülən işlərin qısa xülasəsi təqdim olunub.

Anar İsgəndərov mühazirəyə Məmməd Əmin Rəsulzadənin “Gəncliyə müraciəti” ilə başlayıb. Professor  qeyd edib ki, tarixin gedişatını yalnız gənclər dəyişdirə bilər, bu səbəbdən müraciət gənclərə ünvanlanıb, Azərbaycanın taleyi onlara etibar edilib.

Mühazirədə daşnaksütun partiyasının qurulması, Bakıda, Cənubi Qafqazda, xüsusən də indiki Ermənistan ərazisində Azərbaycanlılara qarşı törədilən kütləvi qırğınlar, I Dünya müharibəsinin nəticələri, 1918-ci ilin 31 mart soyqırımı, ermənilərin Azərbaycana qarşı ərazi iddiaları, Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması və onun Azərbaycan tarixindəki yeri, xarici siyasəti, beynəlxalq əlaqələri, Qafqaz İslam Ordusu tərəfindən Bakının işğaldan azad edilməsi haqqında məlumat verilib.  Bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının əsasları dövrün maarifpərvər mütəfəkkirləri tərəfindən xeyli öncədən qoyulub.

Professor Anar İsgəndərov qeyd edib ki, cəmi 23 ay yaşayan, müsəlman Şərqində ilk parlamentli respublika olan AXC dövründə 328 dəfə “ilk” sözünə imza atılıb. Dövlətçilik atributları qəbul edilib,  dövlət və hərbi quruculuq, iqtisadiyyat və mədəniyyət, təhsil və səhiyyə sahələrində mühüm və taleyüklü addımlar atılıb. Professor deyib: “Bu cümhuriyyət ilk dəfə olaraq coğrafi məfhum olan “Azərbaycan” ifadəsini siyasi məfhuma çevirib. Bakı şəhəri ilk dəfə olaraq paytaxt elan edilib. Parlament yaradılıb. Paris Sülh Konfransı tərəfindən AXC-nin müstəqilliyinin tanınması isə onun ən böyük uğurudur”.

Tədbirdə AXC-nin yaradılmasının 100 illik yubileyinin  respublikada dövlət səviyyəsində geniş qeyd ediləcəyi də diqqətə çatdırılıb. 

İctimaiyyətlə əlaqələr şöbəsi
27.10.2017


DİGƏR XƏBƏRLƏR