XƏBƏRLƏR
Professor Asif Hacıyev “Türk Dünyasına xidmət” mükafatına layiq görülüb
Azərbaycan Universitetinin Tərcümə və filologiya kafedrasının professoru, filologiya elmləri doktoru Asif Hacıyev Türkiyədə fəaliyyət göstərən Valeh Hacılar Beynəlxalq Elmi-Mədəni Araşdırmalar Vəqfinin 2025-ci il üzrə “Türk Dünyasına xidmət” mükafatına layiq görülüb. Mükafat professor Asif Hacıyevə Türk dili, Türk tarixi və mədəniyyətinə həsr olunmuş tədqiqat və əsərlərinə, Türk dünyasının elmi, ədəbi və mədəni inkişafına verdiyi töhfələrə görə təqdim olunub.
Qeyd edək ki, Valeh Hacılar Beynəlxalq Elmi-Mədəni Araşdırmalar Vəqfi 2010-cu ildə təsis olunub və Borçalı əsilli görkəmli alim Valeh Hacıların (Valeh Hacıyev) adını daşıyır. Vəqfin əsas məqsədi türk xalqlarının mədəniyyətinin, tarixinin və ədəbiyyatının təbliği və tədqiqinə dəstək göstərməkdir. İndiyədək bu istiqamətdə çox sayda önəmli layihələr həyata keçirilib, beynəlxalq elmi-mədəni tədbirlər təşkil olunub, kitablar və dərgilər yayımlanıb. Vəqfin təsisçisi və idarə heyətinin sədri Bursa Uludağ Universitetinin professoru, tanınmış türkoloq Cengiz Alyılmazdır.
Professor Asif Hacıyevlə yanaşı, nüfuzlu mükafata tanınmış filoloqlar və alimlər Bədirxan Əhmədli (Azərbaycan), İsenbike Togan (Türkiyə), Onur Er (Türkiyə), Orxan Aras (Türkiyə), həmçinin şairlər Rafiq Hümmət (Gürcüstan) və Azər Sani Qafarov (Azərbaycan) da layiq görülüblər.
İctimaiyyətlə əlaqələr şöbəsi