XƏBƏRLƏR

Azərbaycan Universitetinin əməkdaşları Asif Paşayev və Nurdan Ağayevanın dərs vəsaiti çap olunub

Azərbaycan Universitetinin əməkdaşları  Asif Paşayev və Nurdan Ağayevanın dərs vəsaiti çap olunub

27 fevral 2023

Baxış sayı: 9017

Azərbaycan Universitetinin İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin dekanı Asif Paşayev və Riyaziyyat və informatika kafedrasının baş müəllimi Nurdan Ağayevanın müəllifi olduqları “İqtisadi informatika və onun Excel-də işlənməsi” adlı dərs vəsaiti çap olunub. 

192 səhifədən ibarət olan vəsaitin əsas məqsədi ali məktəblərin bakalavriat və magistratura səviyyələrində müxtəlif iqtisadi ixtisaslar və istiqamətlər üzrə təhsil alan tələbələrə informasiya texnologiyaları mühitində cəmiyyətin və iqtisadiyyatın informasiyalaşdırılması, iqtisadiyyatın idarə edilməsi məsələlərinin həlli üsulları və vasitələri haqqında zəruri biliklər aşılamaqdan ibarətdir.

İqtisadi informasiyanın “Excel”də işlənməsinə həsr edilən dərs vəsaitində maraqlı mövzular araşdırılıb və sadə misallarla “Excel”də təqdim edilib. Kassanın hesablanması, illik hesabatların hazırlanması, sadə və mürəkkəb faizlə hesablanan istehlak kreditləri və bu kimi mövzular “Excel”də işlənib, həmçinin  iqtisadiyyatın, bank işinin təşkili və maliyyə  sahələrində tətbiq olunan maliyyə funksiyalarının nəzəriyyəsi və onlara aid misallar öz həllini tapıb. 

Dərs vəsaiti hazırlanan zaman həm nəzəri biliklərin verilməsinə, həm də praktik tapşırıqların icra edilməsinə xüsusi diqqət edilib. Vəsaitdə hər bir laboratoriya işinin yerinə yetirilməsi üçün lazımi nəzəri məlumat verilib, “Excel” proqramında iqtisadi, maliyyə, bank əməliyyatları və bu kimi tapşırıqların emalı funksiyaları və onların praktik istifadəsi qaydaları nümunələrlə izah edilib. 

Laboratoriya işlərinin sonunda sərbəst həll etmək üçün uyğun tip məsələlərin variantları və yoxlama sualları daxil edilib. 

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR