XƏBƏRLƏR

Azərbaycan Universitetində “Strateji yol xəritəsi və vergi islahatları” mövzusunda elmi-praktiki seminar keçirilib

Azərbaycan Universitetində “Strateji yol xəritəsi və vergi islahatları”  mövzusunda elmi-praktiki seminar keçirilib

08 aprel 2017

Baxış sayı: 5280

Azərbaycan Universitetində “Strateji yol xəritəsi və vergi islahatları” mövzusunda elmi-praktiki seminar keçirilib.

Tədbiri giriş sözü ilə Biznes və iqtisadiyyat fakültəsinin dekanı Vüsal Həsənov açıb. Dekan tədbir iştirakçılarını və qonaqları salamlayaraq, mühazirəçiləri təqdim edib və seminarın işinə uğurlar arzulayıb.

Vergilər nazirinin müşaviri, Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamentinin baş direktoru Ələkbər Məmmədov çıxışında qeyd edib ki, post – neft mərhələsinə keçidə hazırlıq ili kimi yadda qalan 2016-cı ildə “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” ilə birlikdə iqtisadiyyatın bütün sahələrini əhatə edən ümumilikdə 12 strateji yol xəritəsi qəbul olunub.

Natiq iqtisadi yol xəritələrinin məqsəd və hədəflərini də diqqətə çatdıraraq bildirib ki, strateji məqsəd və hədəflərə çatmaq üçün mükəmməl vergi sisteminin və əlverişli vergi mühitinin formalaşdırılması labüddür.

Ələkbər Məmmədov çıxışını vergi sahəsində bu istiqamətdə həyata keçirilən yenilik və islahatlar, həmçinin maarifləndirmə və məlumatlandırma layihələri ilə davam etdirib, Vergilər Nazirliyi tərəfindən gənc nəslin nümayəndələri arasında vergi mədəniyyətinin aşılanması, cəmiyyətdə vergilərin könüllü ödənilməsi prinsiplərinin təbliğ olunması sahəsində görülən işlər barədə məlumat verib.

Ələkbər Məmmədov aprel ayının 10-dan etibarən 1 ay müddətində Bakıda ilk dəfə olaraq keçiriləcək "Bakı Ticarət Festivalı" haqqında da məlumatı da diqqətə çatdıraraq bildirib ki, tədbirin operatoru Vergilər Nazirliyidir. Festival çərçivəsində əcnəbilərlə yanaşı, Azərbaycan vətəndaşları da “Tax free” (əlavə dəyər vergisinin qaytarılması) sistemindən istifadə edə biləcəklər.

“Vergilər” olimpiadasına hazırlıqların yekunlaşdığını da diqqətə çatdıran Ələkbər Məmmədov olimpiadanın qaliblərini gözləyən yeniliklər haqqında da məlumat verib və tələbələri müsabiqədə fəal iştiraka səsləyib.

Daha sonra Biznes və iqtisadiyyat fakültəsinin müəllimi Ağanemət Ağayev “Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda iqtisadiyyatın inkişaf alqoritmi və şərtlər sistemi; Milli iqtisadiyyatın artım trendi; İqtisadiyyatın nomonton asılılığı; iqtisadi klasterlər kimi məsələlərə toxunulub.

Tədbirə mövzu üzrə müzakirələrlə yekun vurulub.

Tədbirdə universitet rəhbərliyi, müəllim – tələbə kollektivi iştirak edib.

İctimaiyyətlə əlaqələr şöbəsi
08.04.2017

DİGƏR XƏBƏRLƏR