XƏBƏRLƏR

AXC-nin 100 illiyinə həsr olunmuş növbəti tədbir: “Əsrdən də uzun 23 ay”

AXC-nin 100 illiyinə həsr olunmuş növbəti tədbir: “Əsrdən də uzun 23 ay”

27 aprel 2018

Baxış sayı: 4612

Azərbaycan Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin  100 illiyinə həsr olunmuş növbəti tədbir keçirilib. Humanitar fənlər fakültəsinin Tələbə Elmi Cəmiyyəti tərəfindən  hazırlanan “Əsrdən də uzun 23 ay” adlı ədəbi-bədii gecədə AXC-nin 23 aylıq fəaliyyətini əks etdirən video-çarx nümayiş olunub, məruzələr səsləndirilib, şeir və mahnılar ifa olunub, tədbirin qonağı, tədqiqatçı-publisist Dilqəm Əhməd Cümhuriyyət dövrü sərgisi haqqında təqdimat və mühazirə ilə çıxış edib. Tədbir iştirakçılarına Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ildə səsləndirilən ilk dövlət himni də təqdim edilib.

Tədbiri Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru professor Yusif Qasımov açıb. Professor AXC dövrünün və qurucularının həyat və fəaliyyətinin hərtərəfli araşdırılmasının əhəmiyyəti haqqında danışıb.  İctimai elmlər kafedrasının müdiri, professor Qabil Əliyev “Azərbaycanda müstəqil dövlətçiliyin bərpası” mövzusunda məruzə ilə çıxış edib. Tələbələrin qonağı tədqiqatçı-publisist Dilqəm Əhməd “Cümhuriyyət qurucularının mühacirət həyatı nadir foto və sənədlərdə” adlı sərgisini təqdim edib, slaydlar vasitəsilə kolleksiyasında olan tarixi sənədlər, fotoşəkillər, məktub və qəzetlər haqqında dolğun məlumat verib.

Tədbir tələbələrin məruzələri ilə davam edib. Zümrüd Kazımlı “İstiqlal Bəyannaməsi”, Zahidə Heydərzadə “Təhsil məsələləri” mövzularında çıxış ediblər. Tünzalə Kazımova Cəfər Cabbarlının “Azərbaycan bayrağı”, Günay Nəcəfova isə Bəxtiyar Vahabzadənin “Üçrəngli bayraq” şeirini səsləndirib.

Tədbiri universitetin rektoru Səadət Əliyeva da izləyib. Rektor prezident İlham Əliyevin 2018-ci ilin ölkəmizdə Cümhuriyyət ili elan edilməsi ilə bağlı sərəncamının mahiyyəti haqqında danışıb və Azərbaycan Universitetində AXC-nin 100 illiyinin silsilə tədbirlərlə qeyd olunduğunu diqqətə çatdırıb. Tədbirin təşəbbüskarlarının və təşkilatçılarının tələbələr olduğunu vurğulayan rektor TEC üzvlərinə yüksək təşkilatçılıq səbəbiylə təşəkkür edib.

Tədbir Vəfa Axundovanın ifasında “Yaşa mənim xalqım” mahnısı ilə yekunlaşıb.

Tədqiqatçı-publisist Dilqəm Əhməd tədbirdən sonra AXC auditoriyasında olub və “Mühacirlərin dönüşü” kitabını auditoriyanın kitabxanasına hədiyyə edib.

İctimaiyyətlə əlaqələr şöbəsi
27.04.2018

DİGƏR XƏBƏRLƏR