XƏBƏRLƏR

Sosial işin təşkili kafedrasının müəllimi Türkiyədə təlim proqramında iştirak edib

Sosial işin təşkili kafedrasının müəllimi  Türkiyədə təlim proqramında iştirak edib

05 oktyabr 2022

Baxış sayı: 7498

Sosial işin təşkili kafedrasının müəllimi Aygün Muradlı və Sosial iş ixtisası üzrə təhsil alan IV kurs tələbəsi Vüsalə Muxtarova Türkiyənin İstanbul şəhərində Avropa Birliyi, Türkiyə Milli Agentliyi (Turkish National Agency) və Yaşıl Aypara Cəmiyyətinin “Gənclər sağlam həyat üçün təşəbbüs göstərir” (Youth take Initiative for healthy living) adlı təlim proqramında iştirak ediblər. Təlim, Erasmus proqramı çərçivəsində 25 sentyabr- 2 oktyabr tarixləri arasında baş tutub. Təlim proqramı tütün, alkoqol, narkotik, texnologiya və qumar asılılığı, o cümlədən sağlam həyat tərzi sahəsində gənclərin məlumatlılığının artırılması, qeyri-formal öyrənmə üsulları ilə bacarıq və münasibətlərin inkişaf etdirilməsi, gənclərlə işin inkişafına töhfə verilməsi, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və mədəniyyətlərarası təcrübə mübadiləsinin artırılması kimi məqsədlərlə təşkil olunub.  

Təlim müddəti ərzində Avropa Birliyinin strateji məqsədlərinə uyğun olaraq 18-25 yaş arası gənclərin sağlam həyat tərzi və narkomaniya mövzusunda maarifləndirilməsi məqsədi ilə Türk Yaşıl Aypara, Avstriya Yaşıl Aypara (Verein Neubeginn Suchtprävention), Azərbaycan Yaşıl Aypara (Zərərli Vərdişlərə Qarşı İctimai Birliyi) və Livan Yaşıl Aypara (Stardom Association) cəmiyyətləri bir araya gələrək təcrübə mübadiləsi aparıblar. 

Layihə çərçivəsində profilaktika və müdaxilə sahələri ilə bağlı təlim və öyrənmə, sağlam həyat tərzi üçün məlumat mübadiləsi, asılılığa ölkələrin yanaşması haqqında məlumat mübadiləsi, idman və fiziki fəaliyyət, İstanbulu daha yaxından tanımaq üçün səfərlər, Yaşıl Aypara Məsləhət Mərkəzinə (YEDAM) səfər, mədəniyyətlərarası dialoqu artırmaq üçün mədəniyyət gecəsi təşkil olunub. 

Nümayəndələrimiz proqramın ilk günündə “Ölkələrin sağlam yaşam və narkomaniya təcrübəsinin paylaşılması” adlı təqdimatda Azərbaycanda asılılıq növləri və vəziyyəti, profilaktika və müdaxilə tədbirləri haqda məlumat veriblər. 

Proqram çərçivəsində “Mədəniyyət gecəsi” adlı tədbirə də qoşulan nümayəndələrimiz burada Azərbaycan tarix və mədəniyyətini əks etdirən təqdimatla çıxış ediblər. Təqdimatda ölkə təmsilçisi və qrup rəhbəri Aygün Muradlı Azərbaycan, Qarabağ, Xarı bülbül və milli şirniyyatlar haqqında məlumat verib. 

Təlim proqramının sonunda iştirakçılara sertifikat təqdim edilib.  

İctimaiyyətlə əlaqələr şöbəsi



DİGƏR XƏBƏRLƏR