XƏBƏRLƏR

“Qarabağ taleyimizdir” mövzusuna həsr olunmuş vebinar keçirilib

“Qarabağ taleyimizdir” mövzusuna həsr olunmuş vebinar keçirilib

18 dekabr 2020

Baxış sayı: 2399

Azərbaycan Universitetinin qələbə vebinarları davam edir. Növbəti vebinar “Qarabağ taleyimizdir” mövzusuna həsr olunub və Azərbaycan dili və ədəbiyyat kafedrası tərəfindən təşkil olunub. “Microsoft Teams” platforması üzərindən keçirilən tədbirdə Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canından, qanından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, kafedranın professor-müəllim heyətinin çıxışları dinlənilib. 

Kafedranın müdiri Ülviyyə Rəhimova tədbir iştirakçılarını Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun qazandığı qələbə münasibətilə təbrik edib. Kafedra müdiri qeyd edib ki, Azərbaycan gənci böyük tarixi sınaqdan üzüağ çıxıb, vətən sevgisini döyüş meydanında göstərib, 30 illik ədalətsizliyin qisasını döyüş meydanında alıb.

Kafedranın professoru Asif Hacıyev bildirib ki, 44 günlük Vətən Müharibəsində Azərbaycan xalqı bir yumruq kmi birləşib. Azərbaycan gənci ölkəmizin ərazi bütövlüyünün qorunması uğrunda müharibəyə böyük ruh yüksəkliyi ilə yollanıb, verilmiş döyüş tapşırıqlarını uğurla yerinə yetirərək Vətənə ləyaqətlə xidmət edib. Asif Hacıyev qeyd edib ki, qələbədən sonra ziyalıların üzərinə bu yüksək vətənpərvərlik ruhunun davam etdirilməsi, tarixi yaddaşı oyaq saxlamaq kimi böyük məsuliyyət düşür.  Keçmişi bilməli, indini dərk etməli və gələcəyi görməliyik.

Kafedranın dosenti Fərhad Mədətov çıxışında Qarabağ münaqişəsi və ətrafında baş verən hadisələr mövzusunda yazılmış əsərlər haqqında məlumat verib. Fərhad Mədətov qeyd edib ki, Azərbaycan ədəbiyyatı Qarabağ mövzusuna tez-tez müraciət edib və xeyli əsər ərsəyə gətirilib. İndi isə Azərbaycan ədəbiyyatı yeni ovqata köklənməli, Qarabağda öz sözünü deyən Azərbaycan əsgərini tərənnüm etməlidir.

Kafedranın dosenti Ülviyyə Əliyeva qeyd edib ki, rəhbər-ordu-xalq birliyi Qarabağda hərbi qələbənin ən böyük amilidir, bu parlaq qələbə Ali Baş Komandanın qətiyyəti, xalqın inamı və həmrəyliyi, diplomatiyanın gücü, Azərbaycan əsgərinin igidliyi sayəsində qazanılıb. Biz indi var gücümüzlə bu birliyin daimi olması üçün çalışmalıyıq.

Sonda müəllim və tələbələrin qələbə ilə bağlı fikirləri dinlənilib.

İctimaiyyətlə əlaqələr şöbəsi
18.12.2020

DİGƏR XƏBƏRLƏR