XƏBƏRLƏR

Azərbaycan dili və ədəbiyyat kafedrasının ənənəvi elmi seminarı öz işini davam etdirir

Azərbaycan dili və ədəbiyyat kafedrasının ənənəvi elmi seminarı öz işini davam etdirir

16 noyabr 2017

Baxış sayı: 4895

Azərbaycan Universitetinin Azərbaycan dili və ədəbiyyat kafedrasının nəzdində “Müasir ədəbi estetik fikrində aktual problemlər” mövzulu ənənəvi elmi seminar öz fəaliyyətini davam etdirir. Seminara filologiya elmləri doktoru, professor Qorxmaz Quliyev rəhbərlik edir.

Bu həftənin müzakirə mövzusu “Müasir ədəbi estetik fikrində simulyakr və onun təhlili” olan seminarda iştirakçılar tərəfindən “simulyakr” anlayışının mənası və Platondan bəri inkişaf mərhələləri təhlil olunub, fransız filosof-alimi Jan Bodriyarın “Simulyakr və simulyasiya” adlı əsəri müzakirə edilib.

Qeyd edək ki, kafedra tərəfindən təşkil olunan ənənəvi elmi seminarların nəticəsi olaraq indiyədək 3 kitab dərs vəsaiti kimi magistrant, doktorant və eləcə də müvafiq sahə üzrə araşdırma aparan tədqiqatçıların ixtiyarına verilib.

“XX əsr amerikan ədəbiyyatşünaslığında aparıcı cərəyanlar” adlı dərs vəsaiti seminarın ilk töhfəsidir. Kitabda Amerika ədəbiyyatında mifoloji məktəbin, yeni tənqidin nümayəndələri haqqında ətraflı məlumat əksini tapıb. İkinci kitab isə “XX əsr Qərb ədəbiyyatşünaslıq konsepsiyaları” adlanır. Kitab oxucuda Qərb ədəbi-bədii prosesi haqqında sistemli məlumat formalaşdırmaq məqsədi daşıyır. Üçüncü kitab isə “Dünyanın görkəmli ədəbiyyatşünas alimləri” adlanır. Professor Qorxmaz Quliyev və filologiya üzrə fəlsəfə doktoru, dosent Ülviyyə Rəhimovanın birgə hazırladıqları kitabda XX əsrdə ədəbi-bədii prosesin əsas hərəkətverici qüvvəsinə çevrilmiş ədəbi-estetik cərəyanların aparıcı müəllifləri ilk dəfə sistemli şəkildə tədqiq olunaraq oxuculara təqdim olunur.

İctimaiyyətlə əlaqələr şöbəsi
16.11.2017

DİGƏR XƏBƏRLƏR