XƏBƏRLƏR

Azərbaycan Universiteti gənclərlə iş üzrə magistr proqramının təqdimatında təltif olunub

Azərbaycan Universiteti gənclərlə iş üzrə magistr proqramının təqdimatında təltif olunub

17 oktyabr 2019

Baxış sayı: 3941

Azərbaycan Universiteti “Gənclər sektorunun idarə edilməsi və gənclər siyasəti üzrə 1-ci Magistr proqramı”nın təqdimat mərasimində proqramın hazırlanmasına verdiyi töhfəyə görə plaketlə mükafatlandırılıb. 2018-ci ildə tətbiqinə başlanan proqram gənclər siyasəti və gənclərlə iş üzrə yüksək ixtisaslı kadrların hazırlanmasını nəzərdə tutur. Bakı Konqres Mərkəzində keçirilən mərasimdə Azərbaycan Universitetini Sosial işin təşkili kafedrasının müəllimləri Aygün Musayeva və Vüsal Abdullayev təmsil edib.

Azərbaycan Respublikasının Təhsil, Gənclər və İdman Nazirlikləri və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə yaxın əməkdaşlığı çərçivəsində BMT-nin Uşaq Fondu (UNICEF) tərəfindən işlənib hazırlanmış bu proqram Estoniya, Böyük Britaniya, Malta, Rusiya, Avstraliya və Finlandiyanın bu sahədəki qabaqcıl təcrübələrini yerli şəraitə uyğunlaşdırılmış formasını özündə əks etdirir. Proqramın bütün praktiki bölmələri isə, UNICEF-in beynəlxalq ekspertlərinin rəhbərliyi ilə yerli mütəxəssislər tərəfindən hazırlanıb.

Magistr proqramının tövsiyə xarakterli tədris planının hazırlanmasında Azərbaycan Universiteti də iştirak edib. Universitetin Sosial işin təşkili kafedrası proqramın tədris planının hazırlanmasını təmin edib. Kafedranın müəllimləri Vüsal Abdullayev və Aygün Musayeva gənclər sektorunun idarə edilməsi və gənclər siyasəti üzrə təlimçilər üçün təlimin iştirakçısı olublar.  

Tədbirdə Gənclər və İdman naziri Azad Rəhimov, UNICEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri Edvard Karvardin, Təhsil nazirinin müavini Firudin Qurbanovun, Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərovun çıxışları dinlənilib. Çıxışlarda qeyd olunub ki, Azərbaycan, gənclərlə işin idarə edilməsi üzrə magistr səviyyəli akademik proqrama malik olan, dünyanın 10 dövlətindən biri, Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda isə ilk dövlətdir.

İctimaiyyətlə əlaqələr şöbəsi
17.10.2019

DİGƏR XƏBƏRLƏR