XƏBƏRLƏR
Azərbaycan Universiteti Latviyanın Liepaja Universiteti ilə birgə beynəlxalq elmi konfrans keçirir
5-7 aprel 2018-ci il tarixində Latviyanın Liepaja Universitetində “İnnovasiyalar və yaradıcılıq” (Innovations and Creativity) II beynəlxalq elmi konfransı keçiriləcək. Konfransın işi Riyaziyyat, Kompüter elmləri, Təhsildə texnologiyalar, Material və ekologiya elmləri və İncəsənət olmaqla 5 bölmədə təşkil olunacaq.
Sevindirici haldlır ki, Azərbaycan Universiteti bu konfransın həmtəşkilatçısıdır. Universitetin elmi işlər üzrə prorektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Yusif Qasımov konfransın proqram komitəsinin üzvü seçilmişdir.
Tədbir Azərbaycan Universitetinin təşkilatçılığı ilə ölkə xaricində keçirilən ilk beynəlxalq elmi konfransdır. Belə mötəbər tədbirin həmtəşkilatçısı kimi seçilməsi Azərbaycan Universitetinin elm və təhsil müəssisəsi olaraq artan beynəlxalq nüfuzunun göstəricisidir.
Konfransa 1 səhifəlik tezislərin təqdim edilməsi üçün son tarix 31 yanvar 2018, genişləndirilmiş (8 səhifəyə qədər) məqalələrin təqdim edilməsi üçün son tarix isə 28 fevral 2018-ci il olaraq müəyyənləşdirilmişdir. Konfransın seçilmiş məqalələri Thomson Reuter bazasında olan “Baltic Journal of Modern Computing” jurnalında çap olunacaqdır.
Məqalə və tezislərin hazırlanma qaydası ilə konfransın aşağıdakı linkində tanış olmaq olar.
http://mathart.liepu.lv/en/home/
Qeyd edək ki, Latviyanın ən böyük ali təhsil müəssisələrindən biri olan Liepaja Universiteti 1954-cü ildən fəaliyyət göstərir. Akkreditə olunmuş dövlət ali təhsil müəssisəsidir. Ali təhsilin hər üç pilləsində (bakalvriat, magistratura və doktorantura) humanitar elmlər və incəsənət; dəqiq elmlər, riyaziyyat və informasiya texnologiyaları; xidmət; sosial elmlər və sahibkarlıq; sosial iş və pedaqogika sahələrində olmaqla 30-dan çox istiqamət və proqram üzrə kadr hazırlığı aparılır. 4 fakültədə 2000-ə yaxın tələbə təhsil alır. Universitetin 20 mindən çox məzunu var.
İctimaiyyətlə əlaqələr şöbəsi
12.01.2018