XƏBƏRLƏR

Azərbaycan Universiteti magistratura səviyyəsi üzrə ikili diplom proqramı təqdim edir

Azərbaycan Universiteti magistratura səviyyəsi üzrə ikili diplom proqramı təqdim edir

21 may 2020

Baxış sayı: 2752

Azərbaycan Universiteti magistratura səviyyəsi üzrə Ukraynanın Xarkov Milli Radioelektronika Universiteti ilə ikili diplom proqramı təqdim edir. Proqram kompüter elmləri və kompüter mühəndisliyi ixtisaslarını əhatə edir.

İkili diplom proqramında iştirak etmək istəyən tələbələrin seçimi müsabiqə yolu ilə aparılır. Proqrama müraciətləri qəbul olunan magistratura tələbələri birinci tədris ilində Azərbaycan Universitetində, ikinci tədris ilində isə Xarkov Milli Radioelektronika Universitetində təhsil alacaqlar. Proqramda orta müvəffəqiyyət göstəricisi birinci tədris ilindən sonra 81-dən az olmayan tələbələr iştirak edə bilər.

Təhsil müddəti 2 təqvim ilidir. Fənlərin tədrisi ingilis və ya rus dillərində aparılır. Məzun ola bilmək üçün magistratura tələbələri AKTS (Avropa Kredit transfer Sistemi) üzrə 120 kredit toplamalıdırlar. Qiymətləndirmə sistemi Bolonya prosesinin tələblərinə uyğun həyata keçirilir.

Təhsillərini uğurla başa vuran tələbələrə müvafiq ixtisas üzrə magistr dərəcəsi və ali təhsil müəssisələrinin diplomları təqdim olunacaq.

Qeyd edək ki, Ukraynada informasiya texnologiyaları, radio mühəndisliyi və elektronika ilə əlaqəli bütün ixtisasların tədris olunduğu Xarkov Milli Radioelektronika Universiteti kiber təhlükəsizlik və informasiya texnologiyaları sahələrində Avropa üzrə ilk 5-likdə yer alır. Universitetlər arasında 2019-cu ildə əməkdaşlığa dair memorandum imzalanıb. İkili diplom proqramı memoranduma əsasən tətbiq olunur.

İctimaiyyətlə əlaqələr şöbəsi
21.05.2020


DİGƏR XƏBƏRLƏR