XƏBƏRLƏR

Azərbaycan Universiteti beynəlxalq təhsil sərgisində işgüzar görüşlər keçirib

Azərbaycan Universiteti beynəlxalq təhsil sərgisində işgüzar görüşlər keçirib

13 oktyabr 2019

Baxış sayı: 3342

Bakı Ekspo Mərkəzində keçirilən 13-cü Azərbaycan Beynəlxalq Təhsil sərgisi “EduExpo”da öz stendi ilə təmsil olunan Azərbaycan Universiteti yerli və xarici universitetlərin nümayəndələri ilə işgüzar görüşlər keçirib.

Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski, bu ölkənin Xarkov Milli Radioelektronika Universitetinin prorektoru Murad Omarov Azərbaycan Universitetinin stendi ilə tanış olublar. Burada səfirə universitetlər arasında tətbiqinə yeni başlanan beynəlxalq ikili diplom proqramı, o cümlədən Azərbaycan Universiteti haqqında ətraflı məlumat verilib. Səfir Vladislav Kanevski Ukraynanın Azərbaycan universitetləri ilə əməkdaşlığın inkişafında maraqlı olduğunu vurğulayıb, elm və təhsil sahəsində həyata keçiriləcək bütün əməkdaşlıqları dəstəklədiyini bildirib.

Sərgidə Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva İran İslam Respublikasının Təbriz Azad İslam Universitetinin rektoru Əziz Cavanpour ilə görüşüb. Azərbaycan Universitetinin stendində təşkil olunan görüşdə universitetlər arasında mümkün əməkdaşlıq imkanları müzakirə olunub.

Rusiyanın Novosibirsk bölgəsinin Təhsil Nazirinin müavini Maria Zhafyarova, Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədov, Qərbi Kaspi Universitetinin rektoru Andris Leitas, İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov universitetin stendini ziyarət edərək uğurlar arzulayıblar.

Təhsil eksperti Kamran Əsədov Azərbaycan Universitetinin təhsil məkanında öz dəst-xətti ilə seçildiyini və universitetin fəaliyyətini yaxından izlədiyini deyib.  

Oktyabrın 10-dan 12-dək davam edən sərgidə Azərbaycan Universitetinin stendini ziyarət edənlər arasında universitetin məzunları, müəllim və tələbələri, yerli və xarici universitetlərin nümayəndələri, məktəb direktorları, müəllimlər, repititorlar, kurs rəhbərləri, sektorun mütəxəssisləri, valideynlər, tələbələr, çoxlu sayda abituriyent, valideyn və şagirdlər olub.

Qeyd edək ki, oktyabrın 10-dan 12-dək Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən “Eduexpo 2019” sərgisində dünyanın 22 ölkəsini təmsil edən 152 təhsil strukturu iştirak edib. Tədbirdə Azərbaycanın 44 təhsil müəssisəsi təmsil olunub.

İctimaiyyətlə əlaqələr şöbəsi
13.10.2019


DİGƏR XƏBƏRLƏR