XƏBƏRLƏR

Azərbaycan Universiteti turizm istiqaməti üzrə 2 yeni ixtisas təklif edir

Azərbaycan Universiteti turizm istiqaməti üzrə 2 yeni ixtisas təklif edir

08 iyun 2020

Baxış sayı: 4401

Azərbaycan Universitetinin 2020/2021-ci tədris ili üçün bakalavriat pilləsi üzrə qəbul planına turizm istiqaməti üzrə turizm bələdçiliyi və turizm işinin təşkili olmaqla 2 ixtisas əlavə olunub.  Hər iki ixtisasa həm Dövlət sifarişi əsasında (ödənişsiz), həm də ödənişli əsaslarla qəbul mümkündür. Subbakalavrlar da bu ixtisasların müsabiqəsində iştirak edə biləcəklər.

Turizm və otelçilik ixtisasını əvəz edən bu ixtisaslar Nazirlər Kabinetinin 2009-cu il 12 yanvar tarixli 8 nömrəli qərarına edilən son dəyişikliklərdən sonra təsdiq edilmiş “Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı” siyahısında yer alan ixtisaslardandır. Yeni yaradılmış bu ixtisaslara qəbul 2020/2021-ci tədris ilində aparılacaq, ilk buraxılış isə 2024-cü ildə olacaq.

Azərbaycan dövləti turizm sahəsinin inkişafını iqtisadiyyatın qeyri-neft sektoru üzrə prioritet istiqamət elan edib. Bu, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə də öz əksini tapıb.

Turizm bələdçisi yerli və xarici turistlərə turizm marşrutları üzrə bölgələrimizin coğrafiyası, tarixi, iqtisadiyyatı, incəsənət və mədəniyyət mərkəzləri, muzeyləri, maddi və mənəvi tarixi-memarlıq abidələri, eyni zamanda bölgə əhalisinin etnoqrafik xüsusiyyətləri haqqında məlumat verən şəxsdir. Turistlərin qarşılanması, ekskursiya və tur proqramlarının hazırlanması, muzey, qoruq, sərgi, turistləri maraqlandıran bütün digər obyektlərə ekskursiyaların keçirilməsi, bu obyektlərə aid sənəd və tarixi materialların öyrənilməsi, tur gedişatı müddətində məlumatların turistlərə çatdırılması, ekskursiya iştirakçılarına təhlükəsizlik qaydalarının izahı, sənədləşmənin aparılması turizm bələdçisinin gördüyü işlər sırasındadır. İxtisas üzrə məzunlar yerli və xarici turizm təşkilatlarında, Azərbaycan Dövlət Turizm Agentliyi kimi uyğun təyinatlı dövlət qurumlarında işləyə bilərlər.

Turizm işinin təşkili ixtisasının əsas məqsədi turizm sənayesi üçün müştəri xidmətləri, satış və idarəetmə mövzularında nəzəri və praktiki biliklərə malik kadrların hazırlanmasıdır. İxtisas üzrə məzunların vəzifə öhdəliklərinə xarici və daxili, fərdi və qrup turlarının təşkili, xarici və daxili tərəfdaşlar ilə əlaqələrin qurulması və işgüzar yazışmaların aparılması, müştərilərdən gələn sorğuların cavablandırılması, otelllərin və turizm xidmətlərinin bronlaşdırılması, səyahət sığortasının yazılması, mövsümə uyğun turların analiz edilib hazırlanması, müştərilərə viza dəstəyi xidmətinin göstərilməsi, aviabiletlərlə bağlı əməliyyatların aparılması kimi işlər daxildir. Turizm işinin təşkili ixtisasının məzunları mehmanxana şəbəkələri, turizm şirkətləri, beynəlxalq turizm təşklatları, Azərbaycan Dövlət Turizm Agentliyi kimi uyğun təyinatlı dövlət qurumlarında işləyə bilərlər.

Azərbaycan Universitetinin 2020/2021-ci tədris ili üçün bakalavriat pilləsinə qəbul planı, qəbul şərtləri, tələbə dəstək layihələri, təhsil haqqından azad olunan tələbələr haqqında daha ətraflı məlumatı keçidə daxil olmaqla əldə edə bilərsiniz.

/az/material/1004/azerbaycan-universiteti-bakalavriat-seviyyesine-qebul-elan-edir-2020

İctimaiyyətlə əlaqələr şöbəsi
08.06.2020

DİGƏR XƏBƏRLƏR