XƏBƏRLƏR

Tələbələrə “Türk dünyası rəqəmsal vətəndaşlığı” fənni tədris olunacaq

Tələbələrə “Türk dünyası rəqəmsal vətəndaşlığı” fənni tədris olunacaq

31 may 2021

Baxış sayı: 2249

Azərbaycan Universiteti “Türk dünyası rəqəmsal vətəndaşlığı” layihəsinə qoşulub. Türk dünyasından 71 universitetin qoşulduğu layihənin əməkdaşlıq protokolunun imzalanma mərasimində Azərbaycan Universitetini elmi işlər üzrə prorektor Yusif Qasımov təmsil edib. Qırğızıstan –Türkiyə Manas Universiteti və Türkiyənin Qaziantep Universitetinin koordinatorluğu ilə həyata keçirilən layihə çərçivəsində tərəfdaş universitetlərdə bakalavriat və magistratura səviyyələrində “Türk dünyası rəqəmsal vətəndaşlığı” fənninin seçmə fənn qismində tələbələrə tədrisi nəzərdə tutulur.

Tədbirə ev sahibliyi edən Qırğızıstan –Türkiyə Manas Universitetinin rektoru, professor Alpaslan Ceylan protokolun imzalanma mərasimində çıxış edərək, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın “ailə məclisi” ifadəsini xatırladıb, türk dünyası universitetləri rektorlarının böyük bir ailənin dəyərli üzvləri olduğunu və layhənin həyata keçirilməsi üçün onların fikirlərini öyrənmək istədiklərini bildirib.

Layihənin koordinatorları professor Erdal Bay və dosent Oktay Özgül fənnin tədrisi ilə bağlı məlumat verərək qeyd ediblər ki, “Türk dünyası rəqəmsal vətəndaşlığı” fənni məsafədən təşkil olunacaq və hər semestr fərqli bir universitet tərəfindən tədris olunacaq. Fənni seçən tələbələrin türk dünyasının görkəmli elm xadimlərinin bilik və təcrübələrindən faydalanmaları təmin ediləcək, onlara türk dünyasının problemləri haqqında layihələr hazırlamaları təklif olunacaq. Qaydalara görə, tələbələr “Türk Dünyası pasportu”na sahib olacaq və yüksək nəticə əldə edənlər elm düşərgələrinə göndəriləcək.

Layihəyə qoşulan universitet rəhbərləri və nümayəndələrinin layihənin müzakirəsi məqsədilə oktyabr ayında ənənəvi simpoziumunun keçirilməsi planlaşdırılır.

İctimaiyyətlə əlaqələr şöbəsi
31.05.2021

DİGƏR XƏBƏRLƏR