XƏBƏRLƏR

Azərbaycan Universiteti Türkiyənin Kastamonu Universiteti ilə əməkdaşlıq edəcək

Azərbaycan Universiteti  Türkiyənin Kastamonu Universiteti ilə əməkdaşlıq edəcək

06 iyun 2022

Baxış sayı: 1184

Türkiyənin Kastamonu Universitetinin rektoru professor Ahmet Hamdi Topalın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Universitetində olub. Azərbaycan və Kastamonu universitetlərinin nümayəndə heyətləri arasında keçirilən görüşdə qonaq rektor Ahmet Hamdi Topal Azərbaycana və Bakıya səfərindən məmnunluq ifadə edib, rəhbərlik etdiyi ali təhsil müəssisəsi barədə məlumat verib. Bildirib ki, 2006-cı ildə qurulan Kastamonu Universitetinin hazırda 3 tələbə şəhərciyi, 23 mindən çox tələbəsi var. 14 fakültə, 3 institut, 15 kollec, 23 araşdırma mərkəzi ilə fəaliyyət göstərən ali məktəbdə 500-ə yaxın Azərbaycanlı tələbə təhsil alır. Rektor qeyd edib ki, Kastamonu Universitetinin 2 Azərbaycanlı tələbəsi Vətən Müharibəsində könüllü iştirak edib və şəhidlik zirvəsinə yüksəlib.

Qonaq nümayəndə heyətinə Azərbaycan Universitetinin fəaliyyəti, keçdiyi inkişaf yolu, təhsil pillələri, tədris olunan ixtisaslar, yetişdirdiyi kadrlar və beynəlxalq əlaqələri, elmi fəaliyyəti, o cümlədən universitetin hədəfləri haqqında məlumat verilib.

Bildirilib ki, Azərbaycan-Türkiyə əlaqələrinin gündən-günə möhkəmlənməsi türk dünyası üçün böyük əhəmiyyət kəsb edir və türkdilli xalqlar arasında münasibətlərin inkişafına müsbət təsir göstərir. Vurğulanıb ki, elmi əlaqələrin möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülməlidir.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub. Qeyd edilib ki, beynəlmiləlləşmə, həmçinin beynəlxalq əlaqələrin genişləndirilməsi, ikili diplom proqramlarının həyata keçirilməsi hər iki universitetin strateji hədəfləri sırasındadır.

Sonda birgə əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

İctimaiyyətlə əlaqələr şöbəsi
06.06.2022


DİGƏR XƏBƏRLƏR