XƏBƏRLƏR

Azərbaycan Universitetində 2021-ci ildə 4 konfrans keçiriləcək

Azərbaycan Universitetində 2021-ci ildə 4 konfrans keçiriləcək

01 fevral 2021

Baxış sayı: 3576

Azərbaycan Universitetində 2021-ci il ərzində 2-si beynəlxalq, 2-si respublika səviyyəli olmaqla 4 elmi konfransın keçirilməsi planlaşdırılır.

9 aprel 2021-ci il tarixində keçiriləcək “Gənc tədqiqatçıların IV Respublika elmi-praktik konfransı”nın məqsədi ölkənin müxtəlif universitet, akademiya və elmi-tədqiqat institutlarında fəaliyyət göstərən gənc tədqiqatçıları bir araya gətirmək, onların əldə etdikləri elmi nailiyyətləri və təcrübələri paylaşmaqdır. Konfrans ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunur.

Prezident İlham Əliyev dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə 2021-ci ili Azərbaycanda “Nizami Gəncəvi ili” elan edib. Bu əlamətdar hadisə ilə bağlı Azərbaycan Universitetində bir sıra tədbirlərin, o cümlədən dahi şairin yaradıcılığına və zəngin irsinin öyrənilməsinə həsr olunmuş elmi konfransın təşkili nəzərdə tutulur. “Nizami Gəncəvinin əsərləri Azərbaycan xalqının etnogenezisinin Qafqaz və türk dünyası kontesktində öyrənilməsində ədəbi və tarixi mənbə kimi” respublika konfransı 7 may 2021-ci il tarixində keçiriləcək.

Ukraynanın Xarkov Milli Radioelektronika Universiteti ilə birgə təşkil olunacaq “İnformasiya təhlükəsizliyi: problemlər və perspektivlər” beynəlxalq konfransının keçiriləcəyi tarix 22 oktyabr 2021-ci ildir.

2021-ci ilin son konfransı isə “Gender problemi və müasir Azərbaycan” olacaq. 2017 və 2018-ci illərdə respublika səviyyəsində keçirilən tədbir 2019-cu ildən başlayaraq beynəlxalq statusda təşkil olunur. Böyük Britaniyanın Middlesex Universitetinin tərəfdaşlığı ilə 19 noyabr 2021-ci il tarixində keçiriləcək tədbirin əsas məqsədi Azərbaycanda gender bərabərliyinin təmin olunması məsələsini diqqət mərkəzində saxlamaq, bu sahədə əldə olunan elmi nailiyyətləri və təcrübələri paylaşmaq, mövcud problemlərin təhlili və onların həll yolları üçün təkliflərin irəli sürülməsini təmin etmək, bu sahədə ölkədə əldə edilən uğurları beynəlxalq təcrübə ilə müqayisə etməkdən ibarətdir.

Elmi konfransların formatı pandemiyanın gedişatından asılı olaraq müəyyənləşdiriləcək.  

İctimaiyyətlə əlaqələr şöbəsi
01.02.2021

DİGƏR XƏBƏRLƏR